“Bank of Azerbaijan”, “Gəncəbank” və “Yunayted Kredit Bank”ın əmanətçilərinə ümumilikdə 28,8 mln. manat kompensasiya veriləcək. “APA-Economics” xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, fondun 132 mln. manat vəsaiti var və bu kompensasiyaların verilməsi üçün yetərlidir: “Bank of Azerbaijan”a kompensasiya ödənildikdən sonra fondun 107, “Gəncəbank”a kompensasiyalar veriləndən sonra 105, “Yunayted Kredit Bank”ın əmanətçilərinə ödəniş edildikdən sonra isə 103 milyon manat vəsaiti qalacaq. Digər banklarda sığorta hadisəsi baş versə belə, ümumilikdə fond 118 milyon manata yaxın kompensasiya ödəyəcək və fondun 14 milyon manat vəsaiti qalacaq.
Daha sonra isə fond bu banklardan vəsaiti geri alacaq. Üstəlik, təqvim haqlarından il ərzində 30 milyon manat vəsait yığılır. Qorunan əmanətçilərə görə sığorta haqqını banklar ödəyir. Qanuna görə, təqvim haqq il ərzində 0,5%-dir. Əgər fondun vəsaiti çatışmazlığı müşahidə olunarsa, əlavə 0,2% təqvim haqqı yığıla bilər".