"NBC Bank", "Parabank" və "KredoBank" konsolidasiya ilə bağlı niyyət protokolu imzalayıb. Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq Mərkəzi Bankdan məlumat verilib.
Xatırladaq ki, ötən gün "NBC Bank" ASC Mərkəzi Banka müraciət edərək digər banklarla konsolidasiya niyyətinin olduğunu, maliyyə vəziyyətinin yaxşılaşdırılması, öhdəliklərin icrasının təmin edilməsi, eləcə də kapital mövqeyinin bərpası ilə bağlı tədbirlər həyata keçirildiyini bildirib.Məlumatda qeyd olunur ki, bu məqsədlə bankın digər banklarla birləşməsi haqqında niyyət protokolu imzalanıb, kapitalın artırılması ilə bağlı banka yeni vəsait qoyuluşu həyata keçirilib.
"Bu vəsaitlər hesabına əhali və kreditorlar qarşısında vaxtı ötmüş öhdəliklərin icrasına başlanılıb. Qeyd olunanları, bütövlükdə konsolidasiya prosesinin bank sektorunun strateji inkişaf xəttinə uyğunluğunu nəzərə alaraq Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 1 fevral 2016-cı il tarixli, 10/3 nömrəli qərarı ilə “NBCBank” ASC-nin bank lisenziyasının ləğv olunması ilə bağlı qərar (25 yanvar 2016-cı il tarixli, 06/3 nömrəli) ləğv edilib. Onu da bildiririk ki, konsolidasiya prosesi tam başa çatdırılanadək bank Mərkəzi Bankın ciddi nəzarəti çərçivəsində fəaliyyət göstərəcək", - deyə məlumatda bildirilir.