Neftin qiymətinin 4 dəfəyədək düşməsi büdcəyə yenidən baxılmasını zəruri edib.
Qaziler.az Xəzər-Xəbər-ə istinadən bildirir ki, Maliyyə naziri Samir Şərifov dürüstləşdirilmiş büdcə barədə məlumat verib.Nazir dollarla götürülmüş kreditlərin aqibəti, icbari tibbi sığortanın tətbiqi və digər məsələlərə də aydınlıq gətirib.
2016-cı ilin dövlət büdcəsi hazırlanan vaxt neftin bir bareli 50 dollardan götürülmüşdüsə, dürüstləşdirilmiş büdcədə bu hədd 25 dollara endirilib. Bununla belə, yeni layihədə həm gəlirlər, həm də xərclər təxminən 2 milyard manat çox olacaq.
Maliyyə naziri xarici mətbuatda Azərbaycanın Beynəlxalq Valyuta Fondu və Dünya Bankından maliyyə yardımı alacağı ilə bağlı yayılan xəbərləri isə təkzib etdi.
Samir Şərifov dollarla götürülmüş kreditlərə güzəşt olunması ilə bağlı fikirlərə də münasibət bildirərək qeyd etdi ki, ölkədə ünvanlı sosial yardıma ehtiyacı olan aztəminatlı insanlar var. Dövlət ilk növbədə onlara yardım göstərməlidir.
Nazir qeyd etdi ki, bu məsələ banklarla müştəriləri arasında həll olunmalıdır.
Samir Şərifov bu il ərzində pilot qaydada icbari tibbi sığortanın tətbiqinə başlanacağını da bildirdi. Bunun üçün pilot region və xəstəxanalar seçiləcək.