Şahin Mustafayev BƏƏ-nin ölkəmizdəki səfiri ilə görüşüb

Şahin Mustafayev BƏƏ-nin ölkəmizdəki səfiri ilə görüşüb backend

İqtisadiyyat naziri Şahin Mustafayev Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mohamed Hamel Alqubaisi qəbul etmişdir. Görüşdə nazir Şahin Mustafayev bildirilmişdir ki, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında yüksək səviyyəli siyasi münasibətlər və qarşılıqlı səfərlər iki ölkə arasında iqtisadi əməkdaşlığın uğurlu inkişafına əlverişli zəmin yaratmışdır.

İndiyədək ölkələrimiz arasında 30-dan çox sənəd imzalanmış, Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 5 iclası keçirilmiş, Dubay Ticarət və Sənaye Palatasının xaricdə ilk nümayəndəliyi Bakıda açılmışdır. Azərbaycan və BƏƏ arasında iqtisadi əlaqələrin genişləndirilməsi perspektivlərinə toxunan nazir Şahin Mustafayev kənd təsərrüfatı, turizm, alternativ enerji, humanitar, təhsil və s. sahələrdə əməkdaşlıq imkanlarının geniş olduğunu diqqətə çatdırmışdır.

Azərbaycan və BƏƏ arasında qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsinin aparıldığı görüşdə nazir Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat vermiş, münaqişə ilə bağlı ölkəmizin ədalətli mövqeyini səfirin diqqətinə çatdırmışdır.
Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mohamed Hamel Alqubaisi Azərbaycanda səfir təyin olunmasından məmnunluğunu ifadə edərək, fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin inkişafı istiqamətində səy göstərəcəyini vurğulamış, iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşmüşdür.

Görüşdə həmçinin, bu il keçirilməsi nəzərdə tutulan Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclasının gündəliyinə dair fikir mübadiləsi aparılmışdır.
Diaspora