Dünya birjalarında neftin qiyməti yenidən bahalaşmağa başlayıb. APA TV-nin məlumatına görə, mart ayının sonuncu dekadası üçün bağlanan fyüçerslərdə “Brent” markalı neftin bir barelinin qiyməti 33,93 dollardan bağlanıb. Qərbi Texas nefti də qısa fasilədən sonra dəyər qazanmaqdadır. Hazırda WTI neftinin bir barelinin qiyməti 32,01 dollardır.
Maraqlıdır ki, ABŞ-ın neft və benzin ehtiyatlarının artması faktoru belə neftin ucuzlaşmasına səbəb olmayıb. Ekspertlər qiymətlərin iqtisadi faktorlardan çox siyasi faktorlara nəzərən formalaşdığı dövrün başladığını qeyd edirlər. Digər tərəfdən Çinin iqtisadi böhrana rəğmən strateji ehtiyatlar formalaşdırmaq üçün əlavə həcmdə neft alması da qiymətlərin artmasına səbəb olub. Həftə sonu neftin qiymətinə dünyanın aparıcı dövlətlərinin Mərkəzi Banklarından gələcək xəbərlər əhəmiyyətli dərəcədə təsir edəcək.