Deputat Elman Rüstəmovun dollar kreditləri barədə dedikləri ilə razı deyil

Deputat Elman Rüstəmovun dollar kreditləri barədə dedikləri ilə razı deyil backend

Hökumət dollarla kredit götürənlərə güzəşt etməyəcək.

Xatırladaq ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov yanvarın 26-da deyib. O, fikrini belə əsaslandırıb: "Hökumətdə komanda mövqeyi ondan ibarətdir ki, bu, maliyyə intizamını poza bilər".

Dollarla kredit götürənlərin borclarını köhnə məzənnəylə qaytarmalarının təşşəbüskarlarından biri - deputat Vahid Əhmədov “Azadlıq” radiosuna müsahibəsində Elman Rüstəmovun dediklərinə münasibətini açıqlayıb.

Müxbirin “Elman Rüstəmovun dediklərindən belə başa düşmək olarmı ki, hökumət dollarla kredit götürənlərə yardım etməyəcək” sualına cavabında V.Əhmədov bildirib ki, o bu cür düşünmür: “Milli Məclisin İqtisadi Siyasət Komitəsinin müzakirələri hələlik davam edir. Bununla bağlı əhalidən də çoxlu müraciətlər almışıq. Hökumətlə ümumi razılığımız olub ki, bu məsələ öz həllini tapacaq. Amma indi niyə elə deyilib, düzü, şərh edə bilmirəm. O mənada ki, ümumi razılıq olubsa, yerinə yetirilməlidir. Qərara gəlinmişdi ki, 10 min dollara qədər istehlak kreditləri köhnə məzənnə ilə- 1,05 manatla ödəniləcək. Bu yaxınlarda Samir Şərifov da dedi ki, o vaxt banklar kreditləri çox yüksək faizlərlə, 30-35 faizlə veriblər, - çox yaxşı ki, bunu boyunlarına alırlar – ona görə yaxşı olardı, özləri öz hesablarından versinlər. Bizi maraqlandırmır, bunu dövlət öz fondundan verəcək, Mərkəzi Bank öz fondundan verəcək və ya banklar öz fondlarından verəcək. Bu vəsait tapılmalıdır. Bu, əhali üçün çox əhəmiyyətli məsələdir. O istehlak kreditlərini götürənlər aşağı təbəqənin nümayəndələridirlər…

…Bank rəhbərləri ilə də danışıqlarım olub. Onlar deyirlər ki, vəsaiti hökumət versin, həmin vəsaitlə kredit məsələsini həll edək. Mən bildiyim odur ki, bu məsələ həll edilməlidir. İnsanlarımızın istehlak kreditlərini 1,55 və ya 1,60-la qaytarmaq imkanları yoxdur. Bu məsələni hökumət, Mərkəzi Bank etməlidir. Ümidvaram ki, nəhayət cənab Prezident müdaxilə edərsə, məsələ həllini tapacaq…”.

V.Əhmədov daha sonra deyib: “İndi bunların arqumenti odur ki, bu gün insanları ələbaxımlığa öyrədərik, sabah başqaları da deyər: “Bizim kreditləri silin”. Ancaq söhbət silməkdən getmir. Mən Samir Şərifovla da razıyam. Banklar vaxtında həmin istehlak kreditlərini 30-35 faizlə verməsəydilər, bu borclar yaranmazdı. Banklara olan borclar həddən çoxdur. Bu, bankların günahıdır, hökumətin günahıdır. Mərkəzi Bankın imkanları var, ya yox... Bizi əsas düşündürən odur ki, məsələ həllini tapsın…”.
Diaspora