2015-ci ilin dekabr ayında Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan valyuta ehtiyatları noyabr ayı ilə müqayisədə 1,23 milyard dollar (19,68 faiz) - 5 016,7 milyon dollaradək azalıb.
Qaziler.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankın statistik məlumatlarında deyilir.Ötən ilin əvvəlindən Mərkəzi Bankın valyuta ehtiyatları 8 741,6 milyon dollar (63,5 faiz) azalıb.
AMB-nin valyuta ehtiyatlarının azalması ötən ilin iyul ayından müşahidə olunur. Bu, əvvəllər yavaş templə (təqribən 20-50 milyon dollar) gedirdisə, dekabrdan etibarən kəskin azalma baş verib. Bu da ölkədə dollar kütləsinə tələbatın artması ilə əlaqədardır.
Artıq bu ilin may-iyun aylarında valyuta ehtiyatlarının artımı bərpa edilib. Belə ki, aprel ayı ilə müqayisədə may ayında AMB-nin ehtiyatları 42,9 milyon dollar (0,51 faiz) artaraq 8,43 milyard dollara çatıb, iyun ayında isə 89,4 milyon dollar (1,06 faiz) artıb.
Lakin cüzi artımdan sonra AMB-nin valyuta ehtiyatları azalıb. İyulda ehtiyatlar 18,7 milyon dollar, avqustda 1,19 milyard dollar, sentyabrda 300,7 milyon dollar, oktyabrda 180,1 milyon dollar, noyabrda isə 589 milyon dollar azalıb.