Əli Məsimli: “Böhrandan çıxış üçün 14 təklifim var”

Əli Məsimli: “Böhrandan çıxış üçün 14 təklifim var” backend

Milli Məclisin növbədənkənar iclasında iqtisadi qanunvericiliyə dəyişikliklərin müzakirəsi zamanı deputatlar tərəfindən bir sıra irad və təkliflər səsləndirilib.


APA-nın məlumatına görə, Fazil Mustafa bildirib ki, prezidentin son çıxışına qədər xalqda problemlərin həllinə inam yox idi, çıxışdan sonra isə xalqda inam yaranıb. Lakin onun fikrincə, böhrandan çıxış prosesini mövcud iqtisadi blok apara bilməyəcək: “Bu iqtisadi blokda təmsil olunan hər kəs iqtisadiyyatın inkişafında müəyyən rol oynayıb. Buna baxmayaraq, problemlərin çıxış yolu iqtisadi blokun yenilənməsindədir. İlk olaraq sərt inzibati tədbirlər görülməlidir. Bütün qapıları xarici investisiya layihələrinə açmaq lazımdır. Bankların etibarlılığı təmin olunmalıdır. İdxal-ixrac əməliyyatlarında şəffaflıq təmin edilməlidir, ideoloji statistikadan qurtulmaq lazımdır. Böhrana görə bu gün ölkədə hər gün 400-500 adam işsiz qalır. Bunlar gələcəkdə ac insanlar olacaq və dövlətə qarşı təxribatlar törətmək istəyənlər bu insanlardan istifadə edəcək. Eyni zamanda, xarici bankların burada açılmasına imkan verməliyik. Bəlkə onlar əhaliyə az faizli kreditlər təklif edərlər. Bu gün böhrandan əziyyət çəkənlər sözlərini təkcə iqtisadi komandaya demirlər. Bizi də qınayırlar, bizi də söyürlər”.

Əli Məsimli isə ölkə başçısının müşavirəsindən sonra hazırladığı təklifləri açıqlayıb: “Hazırda 14 təklifim var. Təxirəsalınmaz proqramlar, orta müddətli proqramlar hazırlamaq üçün bu təkliflər çox önəmlidir. Təqdim etməyə hazıram. Beş min dollara qədər olan vəsaitlərin kompensasiyasını aparmaq, digərlərini isə başqa formatda mexanizm təqdim etməklə yumşaltmaq olar. Çünki 10 min dollara qədər krediti olan şəxs devalvasiyadan sonra bu məbləğin 2-3 qat artığını qaytarmalıdır, bu isə mümkün olmayacaq. Odur ki, ortaq addımların atılması vacibdir”.

Milli Məclisin sədri Oqtay Əsədov isə xatırladıb ki, komitənin toplantısında kiçik kreditlər məsələsi qaldırılıb: “Lakin bunların hamısını birdən həll etmək olmaz. Gəlin, qanunları qəbul edək, banklar normal işləsin. Kredit məsələsinə yenidən baxmaq olar”.
Diaspora