İri un istehsalçıları: “Regionun ən ucuz unu Azərbaycandadır“

İri un istehsalçıları: “Regionun ən ucuz unu Azərbaycandadır“ backend

Azərbaycan prezidentinin tapşırığına əsasən, bu gündən buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı əlavə dəyər vergisindən (ƏDV) azad olunduqdan sonra 50 kiloqramlıq 1 kisə unun qiyməti 22 manata enib.


Bu barədə "APA-Economics"ə "Karat Holding"in baş direktoru Taleh Qasımov bildirib.

"İlk öncə onu qeyd etmək istəyirəm ki, bu, ölkə başçısının atdığı humanist bir addım idi. Bunun nəticəsi olaraq, əhalinin aztəminatlı hissəsi ucuz un məmulatlarından yararlana biləcək. Qeyd edim ki, bu qərardan sonra regionda ən ucuz un Azərbaycanda olacaq. Bu, Azərbaycana nə verəcək? Birincisi, sözsüz ki, əhalinin aztəminatlı hissəsi mühüm sosial məhsul olan çörəyin qiyməti aşağı düşəcək. İkincisi, taxıl tədarükündə problemlər aradan qalxacaq. Taxıl bol olacaq ki, dolayısı ilə bu məhsul daha da ucuzlaşacaq. Üçüncüsü, undan hazırlanan digər məhsullar, məsələn, makaron, vermişel, şirniyyat və sairlərinin maya dəyəri aşağı düşdüyü üçün qiymətləri də düşəcək", - deyə T. Qasımov qeyd edib.

Bununla yanaşı, baş direktor hesab edir ki, bu qərar ölkə daxilində un məmulatlarının istehsalına ciddi təkan verəcək: "Mağazaların vitrinlərində yerli məhsullarla yanaşı, kifayət qədər idxal olunan məhsul da var. Bu qərar imkan verir ki, biz daxili istehsalımızın həcmini artıraq".

"NEON" firmasının rəhbəri Arif Həsənov isə bildirib ki, ƏDV-dən azad olunduqdan sonra firmada istehsal olunan 50 kiloqramlıq 1 kisə əla növ unun qiyməti 22,5 manatdır.

"Hökumət tərəfindən bizə çox böyük dəstək verildi. İstehsalçılarla yanaşı, bu, Azərbaycan əhalisinə böyük dəstəkdir. Çörək - strateji məhsuldur. Təbii ki, ölkə başçısının tapşırığı ilə atılan addım istehsalçılar üçün böyük dəstəkdir və bunun nəticəsi olaraq, ƏDV-dən azad olunduqdan sonra biz qiymətləri endirdik", - deyə A. Həsənov qeyd edib.

Xatırladaq ki, manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar əhalinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan prezidentinin tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 15 yanvar 2016-cı il tarixindən etibarən əlavə dəyər vergisindən azad olunub.

İqtisadiyyat və Sənaye Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, bunun nəticəsində unun topdansatış qiyməti əhəmiyyətli dərəcədə azalıb, daşınma xərclərindən asılı olaraq 50 kiloqramlıq 1 kisə unun qiyməti 21 manat 50 qəpiklə 22 manat 50 qəpik arasında, pərakəndə satış qiyməti isə 23 manatla 24 manat arasında formalaşıb.

Unun yeni qiymətinə uyğun olaraq, 500 qramlıq çörək 30 qəpiyə, 700 qramlıq çörək isə 40 qəpiyə satılacaq.

Unu və çörəyi göstərilən qiymətlərdən artıq qiymətə təklif edən şəxslərə qarşı ən ciddi məsuliyyət tədbirləri görüləcək.
Diaspora