Bununla da 1 dolların kursu 6, 5646 yuan təşkil edib. Qeyd edək ki, bu, 2011-ci ilin aprelindən bəri ən aşağı göstəricidir.
Bu arada əsas indekslərdəki 7 faiz azalma səbəbindən Çin fond birjalarında hərraclar günün sonunadək dayandırılıb. Şanxay Fond Birjasının "Shanghai Composite Index" göstəricisi üzrə dərəcələr 7,3 faiz azalaraq, 3115,89, "Shenzhen Composite Index" üzrə isə 6,77 faiz aşağı düşərək, 1989,58 bənd təşkil edib.
Cari ilin yanvarın 1-dən etibarən Çin qiymətli kağızların dəyərinin kəskin şəkildə azalması halında birjalarda hərracın avtomatik olaraq dayandırılması mexanizmini işə salıb.
Qeyd edək ki, sözü gedən mexanizm Şanxay və Şençjen, eləcə də Çinin maliyyə əməliyyatları birjalarında çalışır. Bu sistem qiymətli kağızların dəyərinin 5 faiz həcmində azalması zamanı birjalardakı bütün hərracları 15 dəqiqə müddətində dayandırır. Əgər yerli vaxtla saat 14:45-dən sonra faiz dərəcələrində hər hansı dəyişiklik baş verməzsə və ya indeks 7 faiz dəyişərsə, hərraclar birjalarda iş vaxtının bitməsinədək dayandırılır. Bu arada, Honq-Konqun "Hang Seng"indeksi də 2,5 faiz aşağı düşüb.