Dünyada neft qiymətləri ABŞ-da benzin ehtiyatının artması fonunda mənfi dinamika nümayiş etdirir. APA TV-nin xəbərinə görə, ötən gecə Brent markalı neftin bir barelinin qiyməti 6,1% azalıb və 34,20 dollara düşüb. Bundan sonra neftin qiymətlərində cüzi artım müşahidə olunub və ən son məlumata görə, “qara qızıl”ın bir barelinin qiyməti 34,41 dollar təşkil edib.
Dünən ABŞ-ın Energetika Nazirliyi məlumat yayıb ki, benzin ehtiyatı bir həftə ərzində 10,6 milyon barelədək artıb. Bu, analitiklərin gözləntilərini üstələyib.
Yaxın Şərqdəki münaqişə də neftin qiymətinə təsir edir. Ötən şənbə Səudiyyə Ərəbistanında şiə din xadimi Nimr əl-Nimr də daxil olmaqla 47 nəfər edam edilib. Tehran edamı pisləyib, İranda kütləvi etirazlar başlayıb, Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi və Məşhəddəki konsulluğuna hücum edilib.
Dünən Səudiyyə Ərəbistanı Avropa alıcıları üçün xam neftin qiymətini kəskin azaldıb. Ər-Riyadın bu addımı sanksiyaların ləğvindən sonra neft ixracını artırmağı planlaşdıran İranın mövqelərini zəiflətmək cəhdi kimi qiymətləndirilir.