Azərbaycanda bu gün üç növ birdəfəlik sosial müavinətin ödənişi başa çatdırılıb.
Qaziler.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.
Bildirilib ki, DSMFrespublika üzrə dəfn üçün, uşağın anadan olmasına görə, habelə cəza çəkməkdən azad edilmiş və tibbi-sosial yardıma ehtiyacı olan şəxslərə birdəfəlik müavinətlərin ödənişi həyata keçirilib.
Qeyd edək ki, 2026-cı ildə uşağın anadan olmasına görə birdəfəlik müavinətin məbləği 600 manat təşkil edir. Bu vəsait hər doğulan uşağa görə ödənilir.
Dəfn üçün birdəfəlik müavinətin məbləği vəfat edən şəxsin statusundan asılı olaraq dəyişir. Belə ki, əmək pensiyaçısı vəfat etdikdə onun dəfnini təşkil edən şəxsə 960 manat, sosial müavinət və ya işsizlikdən sığorta ödənişi alan şəxs, yaxud sığortaolunan vəfat etdikdə isə 600 manat ödənilir.
Cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə verilən birdəfəlik müavinətin məbləği isə 1 600 manatdır. Bu məbləğ minimum aylıq əməkhaqqının dörd mislinə bərabərdir.
Bundan başqa, DSMF-nin açıqladığı statistikaya əsasən, 2026-cı ilin yanvar-sentyabr aylarında 64 689 nəfərə uşağın anadan olmasına görə birdəfəlik müavinət təyin edilərək ödənilib. Onlardan 30 282-si qız, 34 407-si isə oğlan uşaqlarıdır. Bu məqsədlə ümumilikdə təxminən 38,8 milyon manat vəsait ayrılıb.
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 123 131 nəfərə proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub. Onların 53,7 %-ni kişilər, 46,3 %-ni isə qadınlar təşkil edib.

