Dünyanın ən varlı beş adamı Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin gərginləşməsi və Çin sənayesinin zəif göstəricilərinə görə ötən gün baş tutan ticarət əməliyyatlarında 8,7 milyard dollar itirib.
Axar.az “Blumberq”ə istinadən xəbər verir ki, Amazonun qurucusu Cef Bezos şirkətin səhmlərinin 5,8 faiz ucuzlaşması ilə 3,7 milyard dollar itirib. Hazırda onun sərvəti 56 milyard dollardır.
Dünyanın ən böyük moda şirkəti “İnditeks”in səhmlərinin 3,5 faiz ucuzlaşması Amansio Orteqanın 2,5 milyard dollar itirməsinə səbəb olub. Bununla Orteqanın sərvəti 70,4 milyard dollara düşüb.
Dünyanın ən böyük ikinci holdinqi “Berkşir Hethevey”in idarə heyətinin sədri Varen Buffet ötən gün 870 milyon dollar itirib və onun gəlirləri 61,4 milyarda düşüb.
Meksikalı Karlos Slim ticarət əməliyyatlarında 868 milyon (51,4 milyard – red.), Maykrosoftun qurucusu Bil Geyts isə 739 milyon dollar (83 milyard – red.) itirib.