Azərbaycanda ən çox və ən az maaş verilən sahələr - FOTO 

Azərbaycanda ən çox və ən az maaş verilən sahələr - FOTO  backend

Azərbaycanda ən yüksək orta aylıq nominal əməkhaqqı mədənçıxarma sənayesində, ən aşağı isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində qeydə alınıb.

Qaziler.az Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarında bu sahələrdə orta aylıq əməkhaqqı müvafiq olaraq 4224 manat 80 qəpik və 745 manat 30 qəpik təşkil edib.

Yüksək əməkhaqqı verilən sahələr sırasında maliyyə və sığorta fəaliyyəti də yer alıb. Bu sahədə orta aylıq maaş 3026 manat olub. İnformasiya və rabitə sahəsində göstərici 2109 manat 90 qəpik, peşə, elmi və texniki fəaliyyətdə isə 1915 manat 30 qəpik təşkil edib.

Ən aşağı maaş qeydə alınan sahələr arasında ticarət və nəqliyyat vasitələrinin təmiri – 762 manat 90 qəpik, su təchizatı, tullantıların təmizlənməsi və emalı – 785 manat 60 qəpik, turistlərin yerləşdirilməsi və ictimai iaşə – 794 manat 10 qəpik də var.

Təhsil sahəsində orta aylıq əməkhaqqı 827 manat 70 qəpik, səhiyyə və sosial xidmətlərdə isə 965 manat 30 qəpik olub.

Ümumilikdə, ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz artaraq 1172 manat 70 qəpiyə çatıb.

Oktyabrın 1-nə Azərbaycanda muzdla çalışanların sayı 1 milyon 790,8 min nəfər təşkil edib. Onlardan 836,8 min nəfəri dövlət, 954 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

İşçilərin ən böyük hissəsi – 18,7 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 17,6 faizi təhsil, 13,9 faizi sənaye, 8,6 faizi isə səhiyyə və sosial xidmətlər sahəsində çalışıb.

Modern.az