DSMF-nin gələn il üçün gözlənilən gəlir və xərcləri

DSMF-nin gələn il üçün gözlənilən gəlir və xərcləri backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2027-ci ildə gözlənilən 9 milyard 220,5 milyon manat məbləğində gəlirlərinin 7 milyard 586,5 milyon manatı və yaxud 82,3 %-i məcburi dövlət sosial sığorta haqlarının hesabına formalaşacaq.

Qaziler.az xəbər verir ki, bu, "Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, sığorta haqqının 2 milyard 171 milyon manatı büdcədən maliyyələşən təşkilatlar üzrə, 296 milyon manatı büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə, 5 milyard 119,5 milyon manatı qeyri-büdcə sektoru üzrə formalaşacaq.

Bundan başqa, DSMF-də dövlət büdcəsindən 1 milyard 600 milyon manat ayrılacaq, Fondun sair gəlirləri isə 34 milyon manat təşkil edəcək.

Gələn il DSMF-nin cari ilin sonuna istifadə olunmamış 52 milyon manat qalığından istifadə olunmaqla xərcləri isə 9 milyard 272,5 milyon manat təşkil etməlidir. Bunun da 8 milyard 950,1 milyon manatı əhaliyə ödənişlər üzrə xərclər, o cümlədən 8 milyard 669,4 milyon manatı əmək pensiyalarının ödənilməsi xərcləri, 280,7 milyon manatı məcburi dövlət sosial sığorta haqları hesabına müavinət xərcləridir. Müavinət xərclərinin isə 47,4 milyon manatı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənişlər, 77,4 milyon manatı hamiləliyə və doğuma görə ödənişlər, 84 milyon manatı uşağın anadan olmasına görə ödənişlər, 21,4 milyon manatı 3 yaşınadək uşağa qulluğa görə ödənişlər, 50,5 milyon manatı dəfn üçün ödənişlərdir.

Bundan başqa, Fond aparatının və digər struktur bölmələrinin saxlanılmasına 189,7 milyon manat, əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə fəaliyyətinin müştərək maliyyələşdirilməsi, eləcə də pensiya və müavinətlər üzrə bank əməliyyatlarının aparılması və sair xidmət haqları xərclərinə 94,7 milyon manat, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının xətti ilə sığortaolunanların və əmək pensiyaçılarının sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinə 25 milyon manat, beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsinə 0,1 milyon manat, sair xərclərə isə 13 milyon manat yönəldəcək.