Göyçayda ikimərtəbəli yaşayış binası çökdü - SƏBƏB

Göyçayda ikimərtəbəli yaşayış binası çökdü - SƏBƏB backend

Bu günlərdə Göyçaya yağan qar bir sıra fəsadlar törədib. APA TV-nin yerli bürosunun xəbərinə görə, güclü qar Göyçay şəhərinin Atatürk küçəsi, 58 ünvanında yerləşən ikimərtəbəli, 18 ailəlik yaşayış binasına ciddi ziyan vurub.


Çoxdandır ki, qəzalı vəziyyətdə olan binanın dam örtüyü və divarları qarın ağırlığına davam gətirməyərək çöküb. Binada yaşayan Nisə Piriyeva, Bağdagül Balıyeva, Xatirə Quliyeva, Vaqif Əliyev, Afət Aşurova, Anar Bəşirov və Tərbiyə Məmmədovanın ailəsi evsiz qalıb. Sakinlərin sözlərinə görə, son günlər yağan güclü qar səbəbindən binada olan bir neçə mənzil yararsız hala düşüb. Yağan qar mənzillərin içinə tökülüb.



Şərafət Məmmədova, sakin: “Əvvəllər birtəhər yaşayırdıq. Suyumuzu, qazımızı ona-buna deyə-deyə zorla çəkdirmişik. İndi də şərait qurulan vaxt bina uçdu”.

Binada olan bir neçə mənzilin örtük və tavan hissələrində iri çatlar və çökmələr əmələ gəlib.

Bağdagül Quliyeva, sakin: “Dörd uşaqla bu soyuqda biz çöllərdəyik. Burda belə olubsa, yəqin o tərəfdə də olacaq. Biz nə edək?”

Qəzalı vəziyyətdə olan yaşayış binasının divarlarının bəzi yerləri qarın ağırlığına davam gətirməyərək tamamilə çöküb.

Vaqif Əliyev, sakin: “Binamız qəza vəziyyətindədir. Evin içində yaşamaq mümkün deyil. Dam çöküb. Günəş çıxan kimi qar əriyir, evə damır. Bu dəqiqə evimiz, əşyalarımız biabırçı vəziyyətdədir”.

Sakinlər qarlı, şaxtalı havada binanın bir hissəsinin dağılaraq yararsız hala düşməsi barədə aidiyyəti qurumlara məlumat veriblər. Onlar binada yaşamağın təhlükəli olduğunu deyirlər. Bina sakinləri 4 gündür ki, müvəqqəti olaraq qohum və qonşuların evinə köçüblər.

Əraziyə Göyçay rayon İcra Hakimiyyətinin nümayəndələri baxış keçiriblər. Binanın yaxın vaxtlarda təmir olunacağı bildirilir.
Diaspora