Azərbaycanda xarici valyuta tənzimlənmələrinin pozulmasına, xarici valyuta ilə əməliyyatlarda müəyyən olunmuş qaydaların pozulmasına görə sərt cəzalar tətbiq olunub. APA-nın məlumatına görə, bu, yeni qəbul olunmuş İnzibati Xətalar Məcəlləsinin 429-cu maddəsində təsbit olunub.
"Valyuta tənzimi qaydalarının pozulması" adlanan maddəyə görə, müvəkkil banklar tərəfindən müştərilərin xarici valyuta əməliyyatlarının qanunvericiliklə müəyyən olunmuş qaydalarının pozularaq aparılmasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslər isə 20 faizdən 40 faizinədək cərimə olunacaqlar.
Köhnə məcəllədə bu cərimələr müvafiq olaraq 5 faizdən 10 faizə qədər və 5 faizdən 30 faizə qədər nəzərdə tutulurdu.
Azərbaycan prezidenti tərəfindən təqdim olunmuş yeni İnzibati Xətalar Məcəlləsi dekabrın 29-da Milli Məclis tərəfindən qəbul olunub və 2016-cı il mayın 1-dən qüvvəyə minəcək.