Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradılıb

Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradılıb backend

Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradılıb.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Suriyanın iqtisadiyyat və sənaye naziri Məhəmməd Nidal əl-Şaar cümə günü Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda deyib.

O, Suriyanın digər ölkələrlə biznes əlaqələrinin bərpası istiqamətində konkret addımlar atdığını qeyd edib.

“Cəmi bir həftə əvvəl Özbəkistanda idim. Dostum Ləzizlə birlikdə Birgə Biznes Şuraları adlandırdığımız strukturların yaradılmasına başladıq. Bu gün isə dostum Mikayıl (Mikayıl Cabbarov - red) ilə birlikdə Suriya-Azərbaycan Birgə Biznes Şurasının yaradılmasını elan edirik”, - deyə nazir bildirib.

Nazirin sözlərinə görə, son illərdə dünyada iqtisadi və geosiyasi proseslərin dəyişməsi qlobal iqtisadi sistemin yenidən formalaşmasına səbəb olub.

“Bu gün bütün qlobal iqtisadiyyatın yenidən qurulduğunu görürük. Bu proses istehsaldan başlayaraq ticarət marşrutlarına, enerjiyə və marketinqə qədər bütün sahələri əhatə edir. Qloballaşma da əvvəl bildiyimiz formada deyil, seçici qloballaşmaya çevrilir”, - deyə o bildirib.

O qeyd edib ki, hazırda iqtisadiyyatda dayanıqlılıq səmərəlilik qədər, hətta bəzi hallarda ondan daha vacib amilə çevrilir.

“Əvvəllər əsas diqqət ucuzluğa və ‘vaxtında çatdırılma’ prinsipinə yönəlirdisə, indi gözlənilməz vəziyyət baş verdikdə nə edəcəyiniz sualı da ön plana çıxır. Buna görə də dayanıqlılıq çox mühüm anlayışa çevrilib”, - nazir vurğulayıb.

Məhəmməd Nidal əl-Şaar bütün bu proseslərin süni intellektin sürətli inkişafı ilə daha da sürətləndiyini bildirib.

Nazir Suriyanın qarşısında duran əsas vəzifələrdən birinin dünya ilə iqtisadi əlaqələrin bərpası olduğunu deyib.

“15 il ərzində məhdud maliyyə imkanları ilə ciddi çətinliklərlə üzləşən Suriya bu maneələri aşmalıdır. İlk növbədə dünya ilə əlaqələrimizi bərpa etməli, yenidən əməkdaşlığa başlamalı, eyni zamanda ölkəmizi yenidən qurmalı və dünyada mövcudluğumuzu gücləndirməliyik”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, Suriya hazırda özünü fərqli iqtisadi sistem üzərində qurur və xarici investisiyaların cəlb edilməsinə şərait yaradır.

“Bu gün Suriya tamamilə fərqli ölkədir. Biz sülhə, dostluğa və açıqlığa əsaslanan ölkəyik. Azad bazar iqtisadiyyatına keçmişik və artıq özümüzü sosialist ölkə kimi təqdim etmirik. Bütün mənzərə dəyişib”, - nazir bildirib.

Məhəmməd Nidal əl-Şaar qeyd edib ki, ölkənin qanunvericiliyi də investorların cəlb edilməsinə uyğunlaşdırılır.

“Ölkəmiz açıqdır və bu gün heç bir maneə yaratmırıq. Qanunvericiliyimizi yeniləyirik. Bu, bütün investorlar üçün çox vacibdir. Əvvəllər qanunvericiliyimiz müəyyən dar maraqlara uyğun hazırlanırdısa, bu gün məqsədimiz iqtisadiyyatımızı açmaq və investorları qəbul etməkdir”, - deyə o əlavə edib.

Nazir bildirib ki, Suriya yalnız maliyyə vəsaiti deyil, uzunmüddətli və qarşılıqlı faydaya əsaslanan tərəfdaşlıq axtarır.

“Biz sadəcə kapital axtarmırıq. Ağıllı və daha keyfiyyətli kapital, tərəfdaşlıq axtarırıq. Yardım istəmirik. Bizimlə tərəfdaşlıq etmək istəyən investorları axtarırıq. Həmçinin son 15 ildə itirdiyimiz texnologiya transferini bərpa etmək istəyirik”, - deyə nazir vurğulayıb.

O, investorların ölkəyə gələrək özləri üçün ən uyğun sahələri seçmələrini təklif edib.

“Biz investorlara deyirik: gəlin və ən yaxşı bacardığınız işi görün. Biz sizə ehtiyaclarımızın siyahısını təqdim etməyəcəyik. Ehtiyaclarımız məlumdur. Siz gəlin, özünüzə uyğun olan və uğur qazana biləcəyiniz sahəni seçin və bizim tərəfdaşımız olun”, - Məhəmməd Nidal əl-Şaar bildirib.

Nazirin sözlərinə görə, bu yanaşma ənənəvi xarici birbaşa investisiya cəlbetmə modelindən fərqlənir.

Məhəmməd Nidal əl-Şaar vurğulayıb ki, Suriya son onilliklər ərzində itirdiyi beynəlxalq iqtisadi əlaqələri bərpa etməyə çalışır və bu proses ölkənin yenidən qurulması ilə paralel aparılacaq.