Borclu qanunla qadağan olunmayan istənilən əmlakı məhsul şəhadətnaməsi üzrə öhdəliyin təminatı kimi istifadə edə bilər.
Qaziler.az-ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Məhsul şəhadətnaməsi haqqında" yeni qanun layihəsində əksini tapıb.
Qeyd olunur ki, məhsul şəhadətnaməsi ilə müəyyən olunmuş miqdarda məhsul istehsal və ya ilkin emal edildikdən sonra məhsul şəhadətnaməsinin təminatına çevrilir və istehsal olunmuş və ya ilkin emal edilmiş məhsulun mənbəyini sübut etmək vəzifəsi borclunun üzərinə düşür.
Əgər əldə edilmiş məhsul itki nəticəsində məhsul şəhadətnaməsi üzrə öhdəliyin tam icra edilməsi üçün kifayət etmirsə, borclu məhsul şəhadətnaməsinin mülkiyyətçisi ilə qarşılıqlı razılıq əsasında məhsulu eyni dəyərli başqa təminatla əvəz etməlidir.
Borclu məhsul şəhadətnaməsinin təminatı üzərində normativ hüquqi aktlara uyğun olaraq sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir. Əgər tərəflər arasında başqa qayda müəyyən edilməmişdirsə, borclu təminat predmetini özgəninkiləşdirdikdə və ya digər üsulla onun üzərində sərəncam verdikdə, həmin tarixdən yeddi gün müddətində təminat predmetini eyni növdə, miqdarda və keyfiyyətdə məhsulla əvəz etməlidir. Tərəflərin qarşılıqlı razılığı ilə təminat predmeti ekvivalent dəyərə malik digər məhsulla da əvəz edilə bilər.
Məhsula əlavə olaraq, borclu qanunla qadağan olunmayan istənilən əmlakı məhsul şəhadətnaməsi üzrə öhdəliyin təminatı kimi istifadə edə bilər.
Əgər borclu və məhsul şəhadətnaməsinin mülkiyyətçisi arasında başqa qayda müəyyən edilməmişdirsə məhsul şəhadətnaməsinin mülkiyyətçisi üç iş günü əvvəlcədən borclunu xəbərdar etməklə məhsul üzərində monitorinq həyata keçirə bilər. Monitorinq öhdəliyin qüvvədə olduğu bütün müddət ərzində məhsul şəhadətnaməsinin mülkiyyətçisinin özü və ya onun səlahiyyət verdiyi üçüncü şəxslər tərəfindən həyata keçirilə bilər.
Məhsul üzərində monitorinqə məhsulun istehsal və ya ilkin emal edildiyi, habelə saxlanıldığı torpaq sahəsi, anbar, müəssisə, nəqliyyat vasitəsi və başqa yerdə məhsulun müşahidə edilməsi və texnoloji proseslərlə tanışlıq daxildir.
Borclu məhsulun istehsal və ya ilkin emal edildiyi, habelə saxlanıldığı torpaq sahəsi, anbar, müəssisə, nəqliyyat vasitəsinə və başqa yerə məhsul şəhadətnaməsinin mülkiyyətçisinin maneəsiz daxil olmasını təmin etməlidir.
Məhsul şəhadətnaməsinin mülkiyyətçisi monitorinq zamanı borclunun təsərrüfat fəaliyyətinə müdaxilə edə bilməz.
Məhsul şəhadətnaməsində qeyd edilən tələblərə əməl olunmadığını aşkar edərsə, əməl olunmayan tələblər barədə borclunu beş iş günü müddətində yazılı xəbərdar edir.
Pozuntuları otuz təqvim günü müddətində aradan qaldırmırsa, məhsul şəhadətnaməsinin mülkiyyətçisi məhsul şəhadətnaməsi üzrə öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər.

