Son 4 gündə ABŞ-da fırtına, yağıntılar və tornado nəticəsində 42 nəfər ölüb. APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hava şəratinin ən pis olduğu ştatlar Nyu Meksiko, Texas, Oklahoma, İllinoys, Missisipi, Tennesi, Luiziana, Arkanzas və Alabama ştatlarıdır.
Merion dairəsi hakimiyyət nümayəndələri bildiriblər ki, İllinoys ştatının cənub-qərbində avtomobilin uçuruma yuvarlanması nəticəsində ikisi uşaq olmaqla, 5 nəfər ölüb.
Ən gərgin vəziyyət Texas ştatının Dallas şəhərində yaranıb. Sinoptiklər ard-arda baş verən tornadoların sayını müəyyənləşdirə bilməyiblər.
Harlend şəhərində təbii fəlakət 11 nəfərin həyatına son qoyub.
Roulet şəhər idarəçiliyi isə azı 23 insanın öldüyü, bəzi rayonlarda isə komendant saatı elan olunduğu barədə məlumat yayıb.
Ümumilikdə, Texas ştatında baş verən tornadodan 1 milyondan çox ev və tikili zərər çəkib. Küləyin sürəti müxtəlif saatlarda 322 km-ə çatıb.
Fövqəladə vəziyyət Oklahamo ştatının rayonlarında da qeydə alınıb. Güclü yağıntılar yollarda vəziyyəti gərginləşdirib.
Nyu Meksiko ştatının Albukerk şəhərində güclü qar yollarda vəziyyəti gərginləşdirib. Ştatın yol nəzarət xidməti əlverişsiz hava şəraiti nəticəsində178 yol qəzası baş verdiyi, nəticədə 58 insanın yaralandığı barədə rəsmi məlumat yayıb.
Qeyd edək ki , sinoptiklər daha 10 ştatda tornadonun baş vermə ehtimalı olduğunu deyiblər.