Azərbaycan hökumətinə bankların yeni məzənnəyə uyğun olaraq valyuta kreditləri üzrə ödənişləri yenidən hesablaması nəticəsində yaranmış fərqi Azərbaycan Mərkəzi Bankının (AMB) vəsaitləri hesabına qarşılamaqla bağlı təkliflər təqdim edilib.
Qaziler.az bildirir ki, bunu Trend-ə Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyev deyib.Bu, manatın devalvasiyasından sonra AMB-nin valyuta ehtiyatlarının yenidən qiymətləndirilməsi nəticəsində yaranmış 3 milyard manat məbləğində vəsait hesabına mümkündür.
Onun sözlərinə görə, məhz bu vəsaiti xarici valyuta ilə kredit borcu olanlarda yaranmış fərqin qarşılanmasına yönəltmək təklif edilib: “Assosiasiya bu qərarı alqışlayır. Belə hallarda əsas problem ölkənin dövlət büdcəsini əlavə xərclərlə yükləməmək məqsədilə əhaliyə veriləcək kompensasiyanın mənbəyini müəyyənləşdirməkdir. Əgər belə mənbə (AMB-nin simasında) varsa, fikrimcə, dövlət ondan istifadə etməlidir. Bundan sonra banklar kreditlərin restrukturizasiyasına - kreditlərin ödənilməsi müddətinin artırılması, faiz dərəcələrinin azaldılması və s. - əl atmalıdır”.
Z.Nuriyev qeyd edib ki, dövlət tərəfindən atılmalı olan daha bir zəruri addım əhalinin sığorta əmanətləri üzrə sistemin tam dəyişdirilməsidir: “Yaxın üç il ərzində əhalinin, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin banklardakı bütün əmanətlərinin 100 faiz təmin edilməsi lazımdır. Bu, baş verən proseslərin əmanətçilərə ziyan vurmaması üçün gərəkdir”.