Alparslan Bayraktar: "Türkiyə-Azərbaycan-Naxçıvan İnterkonnektor Layihəsinin icra mərhələsinə keçidi yaxınlaşır"

Alparslan Bayraktar: "Türkiyə-Azərbaycan-Naxçıvan İnterkonnektor Layihəsinin icra mərhələsinə keçidi yaxınlaşır" backend

Türkiyə-Azərbaycan-Naxçıvan İnterkonektor Layihəsində icra mərhələsinə keçid üçün hazırlıq işləri aparılır.

Qaziler.az "report"a istinadən xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Bakıda keçirilən Azərbaycan-Türkiyə V Enerji Forumunda bildirib.

Nazirin sözlərinə görə, Naxçıvan üzərindən Azərbaycan və Türkiyə arasında elektrik bağlantısının yaradılması layihəsi başda olmaqla, hər iki dövlət arasında elektrik əlaqələrinin genişləndirilməsinə istiqamətlənmiş fəaliyyətlər diqqətlə izlənilir:

"Söhbət gedən layihələrin yalnız elektrik təchizatının etibarlılığını yüksəltməyəcəyinə, eyni zamanda, enerji sahəsindəki əməkdaşlığımızı strateji müstəviyə çatdıracağına əminik. Türkiyə-Azərbaycan-Naxçıvan İnterkonektor Layihəsi çərçivəsində görülən ilkin işlərin yekunlaşması və aidiyyəti qurumlarımızın texniki qiymətləndirmələri nəticəsində ən optimal variantın seçilməsi layihədə əhəmiyyətli bir mərhələnin arxada qaldığını təsdiqləyir".

A. Bayraktar sistem operatorları tərəfindən həyata keçirilən əlavə texniki-iqtisadi əsaslandırma işlərinin başa çatdırılması ilə layihənin texniki cəhətdən daha da təkmilləşəcəyinə və yaxın dövrdə artıq icra mərhələsinə keçid üçün möhkəm zəminin formalaşacağına inandığını bildirib.