Noyabr ayında əhalinin kreditlər üzrə faizlərin ödənilməsinə xərclədiyi vəsait oktyabrdakı göstəricidən 132,5 mln. manat çox olub. 2015-ci ilin yanvar-noyabr aylarında əhalinin nominal gəlirlərinin 3%-i kreditlər üzrə faizlərin ödənilməsinə yönəlib.
"APA-Economics" Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, bu ilin 11 ayında ölkə əhalisinin gəlirləri 36,8 mlrd. manata çatıb ki, bunun da 1,104 mlrd. manatı kreditlər üzrə faizlərin ödənilməsinə yönəldib. Başqa sözlə, noyabr ayında əhalinin kreditlər üzrə faizlərin ödənilməsinə xərclədiyi vəsait oktyabrdakı göstəricidən 132,5 mln. manat çox olub.Ümumiyyətlə, bu ilin ötən dövrünün göstəricilərinə nəzər salanda məlum olur ki, hər ay əhalinin kreditlər üzrə faiz ödəmələrinin həcmi artıb.
Maraqlıdır ki, Dövlət Statistika Komitəsi yanvar-fevral aynda əhalinin kreditlər üzrə faiz ödəmələrinin həcmini açıqlamayıb. Amma mart ayından başlayaraq bu göstəricilər mütəmadi elan edilib.
Beləliklə, bu ilin I rübündə ölkə əhalisinin nominal gəlirləri 9,5 mlrd. manat olub ki, bunun da 2,1%-i və ya 199,5 mln. manatı kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib.
2015-ci ilin yanvar-aprel aylarında ölkə əhalisinin nominal gəlirləri 12,6 mlrd. manat təşkil edib. Hesabat dövründə əhalinin gəlirlərinin 2,1%-i və ya 264,6 mln. manatı kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib. Başqa sözlə, təkcə aprel ayında kreditlər üzrə faizlərin ödənilməsinə yönəldilən vəsait 65,1 mln. manat artıb.
Bu ilin iyunun 1-ə ölkə əhalisinin nominal gəlirləri 16,2 mlrd. manata çatıb. Bu dövr ərzində gəlirlərin 2,5%-i və ya 405 mln. manatı kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib. Yəni, aprel ilə müqayisədə mayda 140,4 mln. manat çox vəsait kreditlər üzrə faizlərin ödənilməsinə sərf olunub. Buradan aydın görünür ki, may ayında bu göstərici üzrə artım tempi aprel ayındakı artım tempini 2,2 dəfə üstələyib.
2015-ci ilin birinci yarısında əhalinin gəlirləri 19,8 mlrd. manata çatıb. Bu ilin 6 ayında gəlirlərin 2,4%-i və ya 475,2 mln. manatı kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib. Başqa sözlə, əvvəlki ayla müqayisədə iyunda əhali banklar qarşısında öhdəliyi üçün 70,2 mln. manat çox vəsait yönəldilib. May ayından fərqli olaraq iyunda kreditlər üzrə faizlərin ödənilməsinə yönəldilən vəsaitin artım tempi yenidən 2 dəfə azalıb.
Bu ilin 7 ayında əhalinin gəlirləri 23,6 mlrd. manata çatıb. Bu dövrdə gəlirlərin 2,6%-i və ya 613,6 mln. manatı kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib. İyunda əhali kreditlər üzrə faizlərin ödənilməsinə iyul ayı ilə müqayisədə 138,4 mln. manat çox vəsait xərcləyib. Başqa sözlə, iyulda artım tempi yenidən 2 dəfəyədək yüksəlib.
Bu il sentyabrın 1-nə isə ölkə əhalisinin gəlirləri 26,7 mlrd. manat olub. Bu dövr ərzində gəlirlərin 2,8%-i və ya 747,6 mln. manatı kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib. Başqa sözlə, avqustda kreditlər üzrə faizlərin ödənilməsinə iyuldakından 134 mln. manat çox vəsait xərclənib.
2015-ci ilin doqquz ayında ölkə əhalisinin gəlirləri 30,1 mlrd. manata çatıb. Gəlirlərin 2,9%-i və ya 872,9 mln. manatı kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib. Sentyabrda kreditlər üzrə faizlərin ödənilməsinə yönəldilən vəsait avqust ayından 125,3 mln. manat çox olub.
Bu ilin 10 ayında əhali gəlirləri 33,5 mlrd. manata çatıb və gəlirlərin 2,9%-i və ya 971,5 mln. manatını kreditlər üzrə faizlərin ödənilməsinə yönəldib. Bu, sentyabr ilə müqayisədə 98,6 mln. manat çoxdur.
Göründüyü kimi, kreditlər üzrə faizlərin ödənilməsinə yönəldilən vəsaitin artım tempi yalnız aprel və iyun aylarında nisbətən zəif olub.