“Bakı Fond Birjası“ Müşahidə Şurasının yeni sədri seçilib

“Bakı Fond Birjası“ Müşahidə Şurasının yeni sədri seçilib backend

Dekabrın 21-də "Bakı Fond Birjası" QSC-nin Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçirilib.

Qaziler.az bildirir ki, birjadan verilən məlumata görə, iclas zamanı “Bakı Fond Birjası” QSC-nin Müşahidə Şurasının yeni üzvlərinin və sədrinin seçilməsi üzrə səsvermə keçirilib. BFB-nin Səhmdarlarının səsvermə nəticələrinə görə "Kapital Bank" ASC-nin İdarə Heyətinin sədri Rövşən Allahverdiyev “Bakı Fond Birjası” QSC-nin Müşahidə Şurasının yeni sədri seçilib.

R.Allahverdiyev 1972-ci ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Dövlət İqtisad Universitetində "Əmək iqtisadiyyatı" və "Sosiologiya" ixtisasları üzrə təhsil alıb. 1992-ci ildən etibarən ölkənin maliyyə sektorunda fasiləsiz xidmət göstərir, müxtəlif banklarda rəhbər vəzifələr tutub. R.Allahverdiyev 2013-cü ilin iyun ayından etibarən isə "Kapital Bank" ASC-nin İdarə Heyətinin sədri vəzifəsində çalışır.

Ümumi Yığıncaq əsnasında Azərbaycan Beynəlxalq Bankının baş direktoru Fuad İslamov “Bakı Fond Birjası” QSC-nin Müşahidə Şurasının yeni üzvü seçilib.

F.İslamov 1969-cu ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində Qeyri-iqtisadi əlaqələrin planlaşdırması və təşkili, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində isə Mühəndis fizik-neftçi fakültələrində təhsil alıb. 1992-2011-ci illərdə Azərbaycan Beynəlxalq Bankında müxtəlif vəzifələrdə çalışıb. 2011-ci ildən Azərbaycan Beynəlxalq Bankının baş direktoru vəzifəsində çalışır.
Diaspora