Neft gələn il daha da ucuzlaşacaq

Neft gələn il daha da ucuzlaşacaq backend

Beynəlxalq Enerji Agentliyi (İEA) elan edib ki, 2016-cı ildə də dünya neft bazarlarında təklif tələbi üstələyəcək. Başqa sözlə, bazarda neft bolluğu davam edəcək. Virtualaz.org saytı xəbər verir ki, İEA öz hesabatında neft bolluğunun qiymətin daha da aşağı düşməsinə səbəb olacağını bildirir.


Agentliyin hesabatına əsasən dünyanın iqtisadi baxımdan ən güclü ölkələrində, cümlədən ABŞ-da kommersiya neft ehtiyatları 2016-cı ildə də artmaqda davam edəcək. Hərçənd ki, bu artım 2015-ci ilə nisbətən daha aşağı templə gedəcək.

İEA-nın bu hesabatının açıqlanmasından sonra birjalarda neftin qiyməti daha da aşağı düşüb.

Xəbər verildiyi kimi, “Brent” markalı neft son 11 ildə ən ucuz qiymətə - 36,2 dollara satılıb.

Qiymətin aşağı düşməsi tendensiyasının davam edəcəyi gözlənilir. Çünki neftin qiyməti üçün daha bir bəd xəbər ötən həftə ABŞ-ın neft ixracına qoyulmuş qadağanı götürməsi olub.

Analitiklər qeyd edirlər ki, ABŞ-ın 1975-ci ildə tətbiq edilmiş bu qadağanı götürməsi neftin qiymətinin yaxın illərdə artmayacağını göstərir. Baxmayaraq ki, Amerika neftinin bazarlara bu tezliklə çıxmayacağı qənaəti var.

Energetika tematikası üzrə ixtisaslaşmış beynəlxalq KİV-lər qeyd edirlər ki, hazırda bazara gündə tələbatdan 0,5-2 milyon barrel artıq neft çıxarılır. Bu, görünməmiş vəziyyətdir və neftin qiymətinin 3 dəfədən çox aşağı düşməsinin əsas səbəbidir.

İEA bildirir ki, belə vəziyyətin hökm sürməsi neft ixrac edən ölkələrin karteli OPEC-in planlarına uyğundur. OPEC neftin kəskin ucuzlaşması nəticəsində kartelə daxil olmayan hasilatçıların bazardan sıxışdırılıb çıxarılmasına ümid edir.
Diaspora