Bəzi valyutadəyişmə məntəqələri Mərkəzi Bankın tələblərini pozur - REPORTAJ

Bəzi valyutadəyişmə məntəqələri Mərkəzi Bankın tələblərini pozur - REPORTAJ backend

“Atrabank”, “United Credit Bank”, “Zaminbank” və digər bankların valyutadəyişmə məntəqələrində belə hallara rast gəlinib Bu gün Mərkəzi Bankın manatın məzənnəsi ilə bağlı verdiyi qərar Bakıdakı valyutadəyişmə məntəqələrində canlanmaya səbəb olub. Lent.az-ın müxbirinin apardığı müşahidələr zamanı məlum olub ki, dünənədək şəhərdəki “exchange”lərə gələn insanlar daha çox xarici valyuta almaq istəyirdilərsə, indi dollar satmaq üçün müraciət edənlər də kifayət qədərdir. Belə ki, müşahidə apardığımız 20-dək məntəqənin hamısı açıq idi. Məntəqələrdə xarici valyuta almaq istəyənlərlə yanaşı əllərindəki xarici valyutaları manata dəyişməkdə həvəsli görünənlər də vardı.


Metronun “28 May” stansiyası və Səməd Vurğun bağı ətrafındakı valyutadəyişmə məntəqələrində dolların alış qiyməti 1 manat 50 qəpik, satış qiyməti isə 1 manat 60 qəpik civarında dəyişir. Banklardan birinə məxsus valyutadəyişmən məntəqəsində çalışan Pərviz adlı şəxs Lent.az-a bildirdi ki, bu gün əhalidən dollar alınması digər vaxtlara nisbətən bir az yüksək olub.

Məntəqə işçisi onu da bildirdi ki, onlara valyuta konvertasiyasının yuxarı həddi barədə xəbərdarlıq edilməyib. O bildirib ki, valyuta qıtlığı yaşamırlar.

Puşkin küçəsində yerləşən valyutadəyişmə məntəqəsində çalışan satıcı isə müştərilərinə həyəcanlanmamağı məsləhət görüb. O bildirib ki, məzənnənin daha kəskin qaldırılacağı gözlənilmir.

“28 May” metrostansiyasının qarşısında səyyar valyutadəyişmə fəaliyyəti ilə məşğul olanlar isə bugünkü devalvasiya qərarını heç gözləmirmiş. Özünü Mahmud Usubov kimi təqdim edən şəxs bildirdi ki, onlar manatın ucuzlaşmasını yanvar ayında gözləyirmiş: “Heç bilmirdik ki, belə tez olar. Yoxsa 1000-2000 dollar alardıq, 50 faiz qabağa düşərdik”.

Apardığımız müşahidələr nəticəsində əhali arasında maliyyə savadlılığının tədricən artdığını, ölkədə və dünyada baş verən proseslərdən məlumatlı olduqlarını gördük. “28 may” küçəsində, Səməd Vurğun bağının kənarındakı valyutadəyişmə məntəqələrindən birində rastlaşdığımız Xatirə Mikayılova bildirdi ki, bir neçə il imiş ki, oğluna ev tikdirmək üçün pul yığırmış: “Amma uşaqlar qoymadılar tikməyə, dedilər dollar bahalaşacaq, dollar alaq. İndi gəlmişəm, görürəm artıq bahalaşıb”.
“APA-Economics” isə Bakının Nəsimi rayonu, Səməd Vurğun bağının ətrafında yerləşən bəzi valyutadəyişmə məntəqələrinin valyutanın alqı-satqısı prosesində Mərkəzi Bankın tələbini pozduqlarını yazıb.

Məlumata görə, “Atrabank”, “United Credit Bank”, “Zaminbank” və digər banklara məxsus valyutadəyişmə məntəqələrində belə hallara rast gəlinib.

Xatırladaq ki, bu gün Mərəzi Bankın açıqladığı rəsmi məzənnələrə əsasən, ABŞ dollarının manata qarşı məzənnəsi 1,55 manat səviyyəsində formalaşıb. Belə olduğu halda dolların alıqı-satqısı +/- 2%, yəni dolların alışı 1,52 manat, satışı 1,58 manat ətrafında olmalıdır. 1 avronun alışı 1,65 manat, satışı 1,72 manat civarında aparılmalıdır.

Fotolardan da aydın görünür ki, yuxarıda adları qeyd olunan valyutadəyişmə məntəqələri Mərkəzi Bankın bu tələbini pozur. Məsələn, “Zaminbank”ın valyutadəyişmə məntəqəsi 1 ABŞ dollarını 1,52 manata almalı olduğu halda, əməliyyatı 1,50 manatdan aparır, 1 avronu 1,65 manatdan almalı olduğu halda, Avropanın vahid valyutasını 1,575 manatdan alır.

“United Kredit Bank”da da eyni vəziyyət hökm sürür. Yəni, bu bank da tələblərə əməl etməyərək 1 ABŞ dollarını 1,50 manata, 1 avronu isə 1,64 manata alır. Halbuki, 1 ABŞ dolları 1,52 manata, 1 avro isə 1,65 manata alınmalıdır.

Agentlik də qeyd eduib ki, hazırda valyutadəyişmə məntəqələrinin qarşısında izdiham yaşanmır. Valyutadəyişmə məntəqələrində çalışanlar bildirir ki, xarici valyuta satışı əvvəlki günlərin səviyyəsindədir.

Qeyd edək ki, Mərkəzi Bankın tələbinə əsasən valyutanın alış-satış məzənnəsi rəsmi məzənnədən maksimum 2% yuxarı və yaxud aşağı ola bilər.
Diaspora