Ukrayna və Azərbaycan Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə mühüm töhfə verə bilər. Bu, xüsusilə Rusiya mənşəli olmayan qaz və neft tədarüklərinə çıxışın genişləndirilməsi, həmçinin Ukraynanın enerji infrastrukturundan istifadə hesabına mümkündür.
Qaziler.az trendə istinadən xəbər verir ki, bunu Ukraynanın Energetika naziri Denis Şmıqal Bakı Enerji Həftəsi çərçivəsində keçirilən “Davamlı və şaxələndirilmiş enerji gələcəyi naminə beynəlxalq əməkdaşlıq” mövzusunda nazirlərin plenar sessiyasında deyib.
O bildirib ki, regional və qlobal enerji təhlükəsizliyi birgə səylərlə təmin edilməlidir.
Nazirin sözlərinə görə, Azərbaycan müharibə dövründə Ukraynaya 11 enerji yardım paketi təqdim edib. O vurğulayıb ki, Azərbaycan tərəfi generatorlar, transformatorlar, kabel məhsulları və digər həyati əhəmiyyətli avadanlıqlar verib ki, bu da Ukraynanın ötən qışı adlamasına və növbəti qışa hazırlaşmasına kömək edib.
Nazir həmçinin qeyd edib ki, Ukrayna enerji infrastrukturuna hücumlara qarşı mübarizə təcrübəsi əsasında enerji sisteminin dayanıqlığının təmin edilməsi üzrə bir sıra yanaşmalar hazırlayıb. O, bu yanaşmalar sırasında ayrı-ayrı obyektlərin mühafizəsindən funksiyaların mühafizəsinə keçidi, qoruma mexanizmlərinin birbaşa enerji sistemlərinə inteqrasiyasını, paylanmış enerji resurslarının inkişafını, hücumlardan sonra obyektlərin bərpası sürətinin artırılmasını, eləcə də enerji mənbələri və tədarük marşrutlarının şaxələndirilməsini qeyd edib.
D. Şmıqal bildirib ki, Ukrayna artıq yeni Avropa qaz xəritəsinin bir hissəsidir. Buraya Xəzər qazının Avropanın enerji çatışmazlığı yaşayan regionlarına çatdırıla biləcəyi Trans-Balkan marşrutu da daxildir.
Onun sözlərinə görə, bu marşrut üzrə Azərbaycan qazının ilk sınaq tədarükləri təşəbbüsün həyat qabiliyyətli olduğunu nümayiş etdirib.
Nazir xatırladıb ki, Ukrayna ümumi tutumu təxminən 30 milyard kubmetr olan və Avropanın ən böyük yeraltı qaz anbarlarına malikdir. Bu anbarlar yeni tədarük arxitekturasının bir hissəsinə çevrilə bilər.
“Azərbaycan etibarlı təchizatçı rolunu daha da gücləndirəcək, Ukrayna əsas tranzit və xidmət qovşağı kimi mövqelərini möhkəmləndirəcək, Avropa isə sabit alternativ enerji təchizatı mənbələri əldə etmiş olacaq”, – deyə o bildirib.



