Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə “Dövlət Toxum Fonduna toxumun tədarükü, saxlanılması və istifadəsi Qaydaları”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin qərarını imzalayıb. ANS PRESS-in məlumatına görə qərar “Ümumi müddəalar”, “Fonda toxumun tədarükünün təşkili və saxlanılması”, “Fonda tədarük edilən toxumun istifadəsi”, “Fonda tədarük edilmiş toxumun yenilənməsi” və “Fondun fəaliyyətinin maliyyə təminatı” bölmələrindən ibarətdir. Bu bölmələrdə bildirilir ki, Fonda “Toxumçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin ikinci abzasına uyğun olaraq, dövlət reyestrinə daxil edilmiş sortların dövlət standartlarının tələblərinə cavab verən Dövlət Sifarişçisinin elmi-tədqiqat və tədris müəssisələrində, təcrübə təsərrüfatlarında, eləcə də dövlət və özəl toxumçuluq subyektlərində istehsal olunan, habelə idxal edilən orijinal, superelit, elit, 1-ci və 2-ci reproduksiyalı toxumlar tədarük edilir. Dövlət Sifarişçisi hər il Fonda orta bazar qiymətləri nəzərə alınmaqla, toxum tədarükü barədə kütləvi informasiya orqanlarında elan dərc etdirir.
Tədarük üçün satıcı (malgötürən) tərəfindən təklif olunan toxumun Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin Toxumun sertifikatlaşdırılması laboratoriyası tərəfindən verilmiş sortluq və səpin keyfiyyətini təsdiq edən uyğunluq sertifikatı olmalıdır.Fondda saxlanılan toxum Dövlət Sifarişçisi tərəfindən sığorta olunur.
Fonda tədarük edilən toxumdan kənd təsərrüfatı məhsulları istehsalçılarını kənd təsərrüfatı bitkilərinin yüksək məhsuldar sortlarının toxumları ilə təmin etmək, təbii fəlakətə məruz qalan bölgələrdə bitki toxumlarına olan ehtiyacı ödəmək və daxili bazarda toxum çatışmazlığının qarşısını almaq məqsədilə istifadə olunur.
“Dövlət Toxum Fonduna toxumun tədarükü, saxlanılması və istifadəsi Qaydaları”na, həmçinin 1, 2 və 3 nömrəli əlavələr də təsdiqlənib. Əlavələrdə məntəqələrdə (anbarlarda) toxumun saxlanılmasına, toxum saxlanılan məntəqələrə (anbarlara) dair tələblər və qablaşdırılmış toxumun qeydiyyata alınması qaydaları müəyyən edilib.