“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə tədbirlərini davam etdirir.
APA TV nazirliyin saytına istinadən xəbər verir ki, hazırda Fövqəladə Hallar Nazirliyinin “Vixr-5” və “Vixr-8” tipli 2 gəmisi yanğının söndürülməsi, 2 helikopteri və “B-200ÇS” təyyarəsi itkin düşənlərin axtarışı ilə məşğuldur. Nazirliyin Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri də sahilboyu müşahidə işləri aparır.
Bundan başqa, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar mümkün neft dağılmaları ilə mübarizə üçün Fövqəladə Hallar Nazirliyi, SOCAR və BP şirkətinin nümayəndələrindən ibarət işçi qrupu yaradılıb. Ərazini mümkün neft dağılmalarından qorumaq məqsədilə su səthinə Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin çoxtəyinatlı və çoxfunksiyalı “Svetlomor” və “Sunmar” gəmiləri tərəfindən bon çəpərləri qurulur.
Qeyd edək ki, dekabrın 4-də baş vermiş yanğında 7 nəfər həlak olub, 29 nəfər itkin düşüb. Aparılan axtarışlar nəticəsində onlardan 6-nın cəsədi tapılaraq ailələrinə təhvil verilib.