Masallı-Yardımlı yolunda torpaq sürüşdü, yol çökdü

Masallı-Yardımlı yolunda torpaq sürüşdü, yol çökdü backend

Masallı-Yardımlı şosesində torpaq sürüşmələri və çökmələr baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə yolun əsasən 16-17-ci kilometrliklərində qeydə alınıb.

Dekabrın 5-dən başlayaraq sözügedən ərazidə torpaq sürüşmələri və çökmələr daha da aktivləşib.

Masallı rayon 22 və Yardımlı rayon 23 saylı Yol İstismar sahələrinin ağır texnikasının və canlı qüvvəsinin səyləri nəticəsində yolda nəqliyyat vasitələrinin hərəkətində yarana biləcək hər hansı məhdudiyyətlər operativ qaydada aradan qaldırılır. Belə ki, mütəmadi olaraq yoldakı çökəkli yerlər çınqılla doldurulur, yamaclardan yola tökülən torpaq qatı və lil təmizlənir.

"Azəryolsevis" ASC ilə Yardımlı Rayon İcra Hakimiyyəti arasında danışıqlar aparılıb. Sürüşən ərazi ilə paralel olaraq 400 metr məsafədə alternativ yolun çəkilməsinə başlanılıb.

Yardımlı Rayon Fövqəladə Hallar Komissiyasının sədri Azər Xamiyevin sözlərinə görə, yolda təqribən 400 metr məsafədə çökmə baş verib. Çökmənin dərinliyi təqribən 4 metrdir. Yola mütəxəssislərlə birlikdə baxış keçirilib. Hazırda yola çınqıl qatı döşənir ki, maşınlar oradan rahat hərəkət edə bilsin. Həmçinin alternativ yol çəkilir.

Qeyd edək ki, Masallı-Yardımlı şosesinin müxtəlif hissələrində son bir ay ərzində çökmələr qeydə alınıb. Həmçinin yolun sürüşmə məruz qalan ərazisi yamaca doğru 170-180 metr məsafəni əhatə edir.

Diaspora