SOCAR Kulevi terminalında 2026-cı ildə görüləcək işləri açıqladı

SOCAR Kulevi terminalında 2026-cı ildə görüləcək işləri açıqladı backend

2025-ci ildə Kulevi terminalı vasitəsilə ümumilikdə 2,2 milyon ton xam neft, neft, neft-qaz və neft-kimya məhsulları ötürülüb.

 

Bunu Trend-in sorğusuna cavab olaraq Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) bildiriblər.

 

“Hesabat dövründə terminalda xam neftlə yanaşı, paraxylene və propilen kimi neft-kimya məhsulları, eləcə də benzin, dizel, LPG, JET A-1 aviasiya yanacağı, kerosin, metanol, nafta və digər neft-qaz məhsullarının ötürülməsi həyata keçirilib”, - deyə şirkətdən bildirilib.

 

Bundan əlavə, SOCAR-ın verdiyi məlumata görə, 2025-ci il ərzində terminalın infrastrukturunun inkişafı istiqamətində mühüm işlər görülüb:

 

“Belə ki, yeni 7 nömrəli çənlər parkında hər biri 20 000 m³ həcmində olan 4 çənin tikintisi üzrə Yekun İnvestisiya Qərarı alınıb, layihənin FEED mərhələsi tamamlanıb və tikinti üzrə tender prosesi həyata keçirilib. Bununla yanaşı, yeni dəmiryolu estakadasının və dalğaqıranın tikintisi üzrə ilkin texniki və əməliyyat təhlilləri aparılmışdır.”

 

Bu il görüləcək işlərə gəldikdə isə, şirkətdən bildirilib ki, 2026-cı ildə yeni çənlər parkının tikintisinə başlanılması və layihənin 2027-ci ilin ortalarında tamamlanması planlaşdırılır: “Eyni zamanda, yeni dəmiryolu estakadası və dalğaqıran üzrə konsept seçimi mərhələsinin yekunlaşdırılması, həmçinin 3-cü gəmiyanalma körpüsünün tikintisi üzrə ilkin texniki-iqtisadi təhlillərin aparılması nəzərdə tutulur.”