Orta aylıq pensiya bu il 590 manatadək yüksələcək

Orta aylıq pensiya bu il 590 manatadək yüksələcək backend

Bu il Azərbaycanda orta pensiya məbləğinin 543 manatdan 590 manata, yaşa görə pensiya məbləğlərinin isə hazırkı 578 manatdan 629-630 manatadək artacağı proqnozlaşdırılır.

"Report" xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Zəka Mirzəyev Fondun 2025-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

Z. Mirzəyev qeyd edib ki, ötən il Azərbaycanda əmək pensiyaçıların ümumi sayı 1 milyon 98 min 651 nəfər olub.

Onun sözlərinə görə, il ərzində pensiya ödənişlərinə 7,1 milyard manat vəsait xərclənib ki, bu da əhaliyə yönəldilən ümumi sosial ödəniş xərclərinin 97,6 %-dən çoxunu təşkil edib.

Z. Mirzəyev qeyd edib ki, ötən il orta aylıq pensiya 2024-cü illə müqayisədə 9,3 % artaraq 543 manata, yaşa görə pensiya isə 9,1 % artaraq 578 manata çatıb.

Fond sədrinin sözlərinə görə, orta aylıq pensiya orta aylıq əməkhaqqının 49,9 %-ni, yaşa görə pensiya isə 53,2 %-ni təşkil edir. O vurğulayıb ki, bu göstəricilər beynəlxalq təşkilatların tövsiyə etdiyi 40-60 %-lik mütənasiblik normativlərinə tam uyğundur.