ABŞ-ın üçüncü böyük bankı olan “Citigroup” qızılın bir troya unsiyasının qiymətinin 5000 dollara yüksələcəyini proqnozlaşdırır.
AZƏRTAC xəbər verir ki, bank artan geosiyasi risklər, təchizat çatışmazlığı və ABŞ Federal Ehtiyat Sistemi ilə bağlı qeyri-müəyyənliklər fonunda qiymətli metalların qiymətinə dair qısamüddətli proqnozlarını yuxarı istiqamətli dəyişib.
“Citigroup”un proqnozlarına görə, növbəti üç ay ərzində qızılın qiyməti 4200 dollardan 5000 dollara, gümüşün qiyməti isə 62 dollardan 100 dollaradək artacaq. Bankın 6-12 aylıq dövrlə bağlı proqnozlarına görə isə qızılın qiyməti 4000 dollar, gümüşün qiyməti 70 dollardır.
Analitiklər bildiriblər ki, investisiya impulsu güclü olaraq qalır və çoxsaylı yüksəliş amillərinin birinci rüb ərzində təsirli qalması ehtimalı var. Venesuela, İran və Ukrayna ətrafındakı geosiyasi risklərin ilin sonlarında azalacağı, bunun da xüsusilə, qızıla olan hedcinq tələbinə təzyiq göstərəcəyi gözlənilir.



