Xarici şirkət qasırğa səbəbilə 1 gün qabaq işçilərini sahilə göndəribmiş; faciə yerli şirkətin təhlükəsizlik tədbirlərinin xarici şirkətlərlə müqayisəyəgəlməz olduğunu üzə çıxarıb... Dekabrın 4-də “Günəşli” yatağında faciə ilə nəticələnən güclü yanğın bir sualı gündəmə gətirib: belə bir dəhşətli olaydan yayınmaq mümkün idimi? Bu və digər suallarla Xəzərin Azərbaycan sektorunda çalışan xarici şirkətlərdən birinin mütəxəssisi ilə söhbətləşdik. Mütəxəssisin anlatdıqları onu deməyə əsas verir ki, yerli şirkətin tətbiq etdiyi texniki-təhlükəsizlik tədbirləri sıfır səviyyəsindədir:
- Platformada adi bir qığılcım orada partlayışın yaranmasına səbəb ola bilər. Yüksək təzyiqli qaz elektrik “şit”indəki xırda bir qığılcımdan partlayışa səbəb olur. Kifayət edir ki, orada partlayış, ardınca da güclü yanğın olsun. “Günəşli”də yanğının qaz sızmasının “şit”dəki qığılcımdan alovlanması ehtimalı böyükdür.- Platformada sızma varsa, avtomatik bütün sistemdə iş dayanmır?
- Xarici şirkətlərin istismar etdiyi platformalarda təhülkəsizlik sistemi həmin qaydadadır. Əgər elementar bir sızma olsa, dərhal bütün sistemdə iş dayanır. Elektrik cərəyanının verilməsi kəsilir. Bunu ona görə edirlər ki, sızma zamanı çıxan qaz elektrikdən yarana bilən mümkün qığılcım alışıb partlayışa çevrilməsin. Ümumiyyətlə xarici şirkətlərin istismarında olan platformalarda hər hansı bir xırda nasazlıq dərhal quyudan çıxarılan neft-qazın dayandırılmasına səbəb olub. Bir düymədir, sıxılır, quyunun ağzı bağlanır, neftın-qazın verilməsi dayandırılır.
- Xilasetmə məsələləri necə tənzimlənir?
- Yerli şirkətdə xilasetmə məsələləri Xəzərdə işləyən xarici şirkətlərin xilasetmə standartları ilə müqayisə oluna bilməz. Yerli şirkətin platformalarındakı sahələrdə xilasetmə jiletləri yoxdur. Jiletlər ancaq otaqlardadır. Belə fövqəladə hal olanda neftçinin otağa getməsi çətinləşir, hətta mümkünsüz olur. Necə ki, olub. Platformada yanğın başlayanda neftçilər otaqlara gedə bilməyiblər. Qaçıb platformanın bir kənarında dayanıblar. Çünki partlayışdan sonra əmələ gələn yanğın buna imkan verməyib. Yanğın zamanı dəhşətli alovu, alovun istisini külək neftçilərin üstünə vurub. Neftçilər 2 “şlyubka”ya oturublar. “Şlyubka”lardan biri 10 metr aşağı salladılıb. Orada 30 nəfər sağ qalıb. O biri “şlyubka” isə platformadan dənizə doğru 10 metrdən də aşağı buraxılıb və dənizdə 11 metrə çatan ləpələr “şlyubka”ya çırpılmağa başlayıb, “şlyubka”nı oynadıb, platformaya çırpmağa başlayıb. “Şlyubka” platformanın dəmir əsasına o qədər çırpılıb ki, iki yerə bölünüb. İçində olan neftçilər də suya tökülüb. Orada kimsə sağ qalsa, Allahın möcüzəsi olar.
- Platformanın durumu necə olub? Yəni köhnəlmiş, əldən düşmüş platformadır, yoxsa yenilənmiş, təmir edilmiş olub?
- Köhnə platformadır. Orada müasir təhlükəsizlik sistemlərindən söhbət belə gedə bilməz. Orada sovet dövründən qalma, müasir təhlükəsizlik standartlarına cavab verməyən təhlükəsizlik sistemi vardı. Belə bir qasırğa da illərdir ki, baş verməyib. Üstəlik qasırğa səbəbindən xilasetmə gəmiləri də platformaya yaxınlaşa bilməyib. Yaxınlaşsaydılar, 11 metr dalğa həmin gəmiləri də platformaya çırpıb 2 yerə bölərdi. On illərdir ki, dənizdə belə qasırğa olmurdu. Ən böyük dalğa 6 metrdən bir qədər artıq, 6 metr yarım olurdu. 11 metr dalğa dəhşətli dağıdıcı gücə malikdir. İstənilən halda təhlükəsizlik tədbirləri planlaşdırılanda bu məsələlər nəzərə alınmalı idi.
- Havanın kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıqlar vardı. Yəni küləyin həmişə olduğundan daha artıq olacağı, müvafiq olaraq dalğaların da daha güclü olacağı da, yəqin ki, proqnozlaşdırılmışdı...
- Bütün neft platformalarına hava şəraiti ilə bağlı məlumatlar mütəmadi verilir, xəbərdarlıqlar olunur. 1 gün əvvəldən də bilinirdi ki, qasırğa olacaq. Xarici platformalarda çalışanlar, belə deyək də, ehtiyat işçiləri sahilə çaxarmışdlar.
- Yəni bunu baş verə biləcək hər hansı bir xoşagəlməz olayın, qəzanın qarşısını almaq, belə bir hal olarsa, itkiləri minimuma salmaq üçün etmişdilər?
- İşçilər var ki, onları sahilə qaytarıb geri çağırmaq vaxt aparır. Ona görə də neftçilər üçün gəmi-otellər var. İşçiləri orada qalırlar. Yəni həmin işçilər platformada qala bilməzlər. Çünki orada yer yoxdur. Həm də “çp” olsa, xilasetmə “şlyubka”larında yerləşə, platformadan uzaqlaşa bilməzlər. Bu hadisədən 1 gün əvvəl “Çıraq” yatağındakı ingilislər “Qurban Abbasov” gəmi-otelindəki 300-ə yaxın işçini sahilə göndərdilər. Növbəti gün - faciə olan gün külək o qədər güclü olmuşdu ki, gəmi-otelin 3 “lebedka”sı (gəminin platformaya bağlandığı “tros”lar- E.M) qırılmışdı. Əvvəldən bilinirdi ki, güclü qasırğa olacaq, dalğa həmişəkindən daha yüksək, daha güclü olacaq. Bu gün Xəzərin Azərbaycana aid hissəsində xarici şirkətlərin işlətdiyi 7 platforma var. Həmin platformalarda ən son təhlükəsizlik sistemləri quraşdırılıb. Yəni platformada hər hansı bir ştatdankənar situasiya olsa, dərhal bütün sistem dayanır. Hər bir kəsin həyatının xilası üçün təcili tədbirlər görülür. Yerli şirkətin işlətdiyi platformaların əksəriyyəti köhnədir, xarici şirkətlərin tətbiq etdiyi təhlükəsizlik sistemi demək olar ki, heç birində o dərəcədə quraşdırlmayıb, işlək deyil. Neftçilərimiz orada Allahın ümidinə işləyirlər.
- Xarici şirkətlərin işlətdiyi platformalarda təhlükəsizlik tədbirləri gücləndirilmişdi?
- Orada təhlükəsizlik tədbirləri həmişə güclü olur. Sadəcə, əlavə addımlar atılmışdı. Platformada qəza baş verirsə, hər saniyənin rolu var. İşçi otağa gedib orada jileti götürüncə çox gec olar. Dənizdə həmişə külək var və xırda bir yanğın meydana gəlirsə, dərhal böyük bir yanğına çevrilir. Yanan platforma maksimum 40 metr eni, 50 metr uzunu var. İşçi güclü küləkdə platformanın bu başından o başına gedincə vaxt gedir.
- Dəhşətli qəzanın qarşısını almaq olardı?
- Əlbəttə, olardı. Vaxtında təhlükəsizlik tədbirlərini müasir standartlara uyğunlaşdırsaydılar, platformadakı korroziyaya uğrayan dərinlik borularını yeniləri ilə əvəzləsəydilər, bu qədər adam itkin düşməzdi. Allah hər birinin köməyi olsun. Amma oradan kiminsə sağ çıxacağına inanmıram. Allah onların yaxınlarına səbir versin.
musavat.com
E.MƏMMƏDƏLİYEV