Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə ilk hərrac layihəsi - 100 MVt gücündə “Qobustan” Günəş Elektrik Stansiyasının inşası çərçivəsində ilk panel quraşdırılıb.
Trend Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinə istinadən xəbər verir ki, Çinin “Universal International Holdings Limited” şirkəti ilə həyata keçirilən layihə üzrə tikinti işlərinə cari ilin may ayında başlanıb.
Məlumata görə, tikinti işləri əsasən yerli şirkətlər tərəfindən həyata keçirilir. 2027-ci ildə istismara verilməsi nəzərdə tutulan stansiyada hər il təxminən 260 milyon kilovat-saat elektrik enerjisi istehsalı proqnozlaşdırılır. Bu isə ildə 57 milyon kubmetr həcmində təbii qaza qənaət etməklə yanaşı, atmosferə atılan karbon emissiyalarını 124 min ton azaltmağa imkan verəcək.
Qeyd edək ki, Çinin “Universal International Holdings Limited” şirkəti ötən il COP29 çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə Azərbaycan Respublikası Energetika Nazirliyi tərəfindən keçirilmiş hərracın qalibi olub.



