İcrası tamamlanmış və ya 2027-ci ilədək reallaşması nəzərdə tutulan 2 QVt civarında sənaye miqyaslı 8 günəş və külək elektrik stansiyası üzrə təxminən 2,8 milyard ABŞ dolları həcmində xarici və yerli investisiyanın cəlb edilməsi iqtisadi artıma töhfə verməklə yanaşı, yaşıl iqtisadiyyatın inkişafı üçün yeni imkanlar açır.
Trend xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazirin sözlərinə görə, “Xəzər – Qara dəniz – Avropa” və “Mərkəzi Asiya – Azərbaycan” yaşıl enerji dəhlizlərinin yaradılması üzrə sazişlərin imzalanması və bu istiqamətdə işlərə başlanması strateji enerji qovşağı olan ölkəmizin etibarlı enerji ixracatçısı və yaşıl investisiyalar məkanı kimi rolunu daha da gücləndirəcək:
“Nəqliyyat dəhlizləri üzrə ölkənin mövcud infrastrukturunun son illərdə yaxşılaşdırılması, Ələt Dəniz Ticarət Limanının yükaşırma potensialının artırılması hesabına tranzit yükddaşımalarının (boru kəməri ilə daşımalar istisna olmaqla) həcmi 2019-cu illə müqayisədə 2024-cü ildə 2.5 dəfə dəfə artaraq 14.5 milyon ton təşkil etmişdir”.
M.Cabbarov əlavə edib ki, dövlət-özəl tərəfdaşlığı çərçivəsində icrasına başlanılmış layihə texnologiya transferi baxımından mühüm əhəmiyyət kəsb edir Dövlət-özəl tərəfdaşlığı çərçivəsində icrasına başlanılmış Xəzər dənizinin suyunun duzsuzlaşdırılması ilə bağlı 407 milyon ABŞ dolları dəyərində layihə ölkənin su təhlükəsizliyi, texnologiya transferi və xarici investisiyalar baxımından mühüm addımdır:
“Ötən illər ərzində ÜDM-in formalaşmasında mühüm rola malik olmuş tikinti sektorunun canlandırılması istiqamətində mühüm addımlar atılır. “Sea Breeze” turizm zonasının yaradılması və Birləşmiş Ərəb Əmirliklərinin “Modon Holding”i ilə imzalanmış sağlamlıq, ticarət, təhsil və mehmanxana obyektlərini əhatə edən müasir şəhərsalma layihəsi tikinti sektorunun böyüməsinə xidmət etməklə yanaşı, turizm və xidmətlər sektorunun inkişafına stimul verəcək”.



