ABŞ-ın San-Bernardino şəhərində baş verən silahlı insident nəticəsində 14 nəfər ölüb, 17 nəfər yaralanıb. APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə yerli polis idarəsinin rəisi Cerrod Burquan bildirib. Onun sözlərinə görə, hücumda şübhəli bilinən iki nəfər (1 kişi və 1 qadın) polislə atışma zamanı öldürülüb: “Onlar avtomat silah və tapançalarla silahlanıb, kamuflyaj geyimdə idilər. Daha bir şəxs hadisə yerindən qaçmaq istəyərkən yaxalanıb. Hadisəni törədənlərdən birinin şəxsiyyəti artıq müəyyənləşdirilib. Son məlumatlara əsasən, insident nəticəsində 14 nəfər ölüb, 17 nəfər yaralanıb”.
Hadisənin terror aktı olub-olmaması barədə məlumat verilmir. Silahlı insidentin baş verdiyi mərkəzdə müxtəlif kateqoriyalardan olan əlillərə, əqli və fiziki qüsurlu insanlara yardım göstərilir. Qeyd olunur ki, insident baş verən gün mərkəzdə bayram tədbiri keçirilirmiş.***
ABŞ-ın San-Bernardino şəhərində həyata keçirilən əməliyyat nəticəsində silahlılardan biri məhv edilib, digəri isə saxlanılıb.
APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, daha 1 cinayətkarın axtarışı davam etdirilir.
Əməliyyat zamanı 1 polis əməkdaşı yaralanıb. Onun həyatına təhlükə yoxdur.
***
ABŞ-ın San-Bernardino şəhərində (Kaliforniya ştatı) baş verən silahlı insident nəticəsində azı 14 nəfər ölüb, daha 14-ü yaralanıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Kaliforniya ştatının polis nümayəndəsi Cerrod Burquan bəyan edib.
Onun sözlərinə görə, atəş 3 nəfər tərəfindən açılıb. Onların kimliyi və cinayətin motivləri bəlli deyil. Hələlik xüsusi xidmət orqanları hadisənin terror olub-olmaması barədə açıqlama vermir.
Qeyd edək ki, hadisə məhdud fiziki imkanlı insanlar üçün nəzərdə tutulmuş mərkəzdə baş verib.
***
ABŞ-ın Kaliforniya ştatında silahlı insident baş verib.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə San-Bernardino şəhərində qeydə alınıb.
İlkin məlumata görə, naməlum şəxsin açdığı atəş nəticəsində 20 nəfər yaralanıb. Hadisənin təfərrüatları müəyyənləşdirilir.