2025-ci ilin 9 aylıq icrasına əsasən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə dövlət büdcəsindən 2 milyard 567,5 milyon manat vəsait xərclənib.
"APA-Economics"ə bu barədə Maliyyə Nazirliyindən bildirilib. Qeyd edilib ki, ayrılan vəsaitin böyük hissəsi insfrastruktur layihələrinə yönəldilib. Bu ilin ilk doqquz ayında bu məqsədlə ümumi xərclərin həcmi 2 milyard 234,8 milyon manat təşkil edib. Bu çərçivədə avtomobil yollarının layihələndirilməsi və tikintisinə 1 milyard 525,1 milyon manat, yeni yaşayış komplekslərinin inşasına 461,1 milyon manat, dəmir yolu xətlərinin tikintisinə 107,3 milyon manat, elektrik təchizatı işlərinə 48 milyon manat, su xətləri və kollektor qurğularına 44,3 milyon manat, sənaye parkları və infrastrukturuna 27,7 milyon manat, geoloji kəşfiyyat işlərinə 7,1 milyon manat, Şuşa, Xankəndi və Laçında kanat yolunun tikintisinə 6,6 milyon manat və digər zəruri işlərə isə 7,6 milyon manat sərf olunub.
İşğaldan azad edilmiş ərazilərdə təhsil, səhiyyə, mədəniyyət və idman yönümlü sosial layihələr üçün 291,7 milyon manat ayrılıb. Ərazilərin minalardan təmizlənməsi üzrə xərclər isə 41 milyon manat təşkil edib.