Bakıda Azərbaycan-Belarus biznes forumu keçirilib - - FOTO - YENİLƏNİB

Bakıda Azərbaycan-Belarus biznes forumu keçirilib -  - FOTO - YENİLƏNİB backend

Bakıda Azərbaycan-Belarus biznes forumu keçirilib.

Trend xəbər verir ki, forumda Belarus Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviç, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı, Belarus Ticarət-Sənaye Palatasının Minsk bölməsinin xarici iqtisadi əlaqələr üzrə baş direktor müavini, “Belarus Respublikasının ixrac potensialının təqdimatı” nümayəndə heyətinin rəhbəri İrina İvanova və digər şəxslər iştirak ediblər.

Tədbirdə həmçinin AZPROMO-nun investorlarla iş şöbəsinin aparıcı mütəxəssisi Emin Quliyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Katibliyinin rəhbər müavini Əmir Şirinbəyli və “Velikiy Kamen” Sənaye Parkının investorlarla iş üzrə idarə rəisi Roman Aleynikov tərəfindən təqdimatlar nümayiş olunub.

Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı çıxışında bildirib ki, Azərbaycan və Belarus ölkələr arasında ticarət-investisiya və sənaye əməkdaşlığını tənzimləyən 140-dan çox sənəd imzalayıblar.

O qeyd edib ki, ötən ilin iyun ayında iki ölkə arasında Birgə Komissiyanın 14-cü iclası keçirilib.

“Tədbirdə 2024–2025-ci illər üçün Yol Xəritəsi aktuallaşdırılıb. Onun icrası ticarət-iqtisadi və investisiya əlaqələrinin möhkəmlənməsinə töhfə verir. Bu sazişlər sənaye əməkdaşlığı, ticarət və investisiyalar daxil olmaqla geniş istiqamətləri ehtiva edir və ikitərəfli əlaqələrin gələcək inkişafı üçün mühüm əsasdır”, - deyə T.Hacılı bildirib.

O, Azərbaycan ilə Belarus arasında ticarət-investisiya münasibətlərinin möhkəmlənməkdə olduğunu vurğulayıb.

"2025-ci ilin ilk səkkiz ayında ticarət dövriyyəsi təxminən 74 milyon dollar təşkil edib. Bütün maraqlı tərəflərin hərtərəfli dəstəyi ölkələr arasında biznes münasibətlərinin güclənməsinə xidmət edir”, - deyə T.Hacılı əlavə edib.

Tural Hacılının sözlərinə görə, Azərbaycanda sənaye, kənd təsərrüfatı və tikinti sahələrində Belarus-Azərbaycan birgə layihələri aktiv şəkildə inkişaf edir ki, bu da ölkələr arasında iqtisadi əməkdaşlığı möhkəmləndirir.

Biznes forumunun yekununda “Rogachev Süd Emalı Kombinatı” ASC ilə “FOODINI” MMC arasında qatılaşdırılmış süd, kərə yağı və quru süd məhsullarının tədarükü üzrə müqavilə, eləcə də “Rogachev Süd Emalı Kombinatı” ASC ilə “YAYLAQ” MMC arasında kərə yağı və quru süd məhsullarının tədarükü üzrə müqavilə imzalanıb.