2024-cü ilin yekununda Azərbaycanın un ehtiyatlarının həcmi 1 milyon 764 min 476 ton təşkil edib.
Qaziler.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 0,5 % azdır.
Ötən il ölkədə un ehtiyatlarının həcmində ən aşağı göstərici qeydə alınıb. Ehtiyatların 16,3 %-i ilin əvvəlinə olan qalıq, 77,4 %-i istehsal, 6,2%-i isə idxal hesabına formalaşıb.
2024-cü ildə Azərbaycanda 1 milyon 365 min 906 ton un istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 2,8 % çoxdur. Hesabat dövründə ölkəyə un idxalının həcmi 28,2 % azalaraq 109 min 860 tona, ilin əvvəlinə olan qalıq isə 1,1% azalaraq 288 min 710 tona düşüb.
Ehtiyatların 3 min 68 tonu mal-qara və quş yemi üçün, 395 min 778 tonu əhalinin şəxsi istehlak fondu üçün, 930 min 239 tonu isə qida məhsullarının istehsalı üçün, 107 min 234 tonu qeyri-qida məhsullarının istehsalı üçün, 18 min 758 tonu ixrac üçün istifadə edilib. Hesabat ilində itkilərin həcmi 21 min 187 ton olub.