“Cənub” qaz dəhlizi layihəsi ilə bağlı Azərbaycan üzərinə götürdüyü öhdəlikləri uğurla yerinə yetirir və işlərin 50 faizi artıq görülüb. Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu fikirləri Azərbaycanın energetika naziri Natiq Əliyev noyabrın 26-da Latviya Respublikasının iqtisadiyyat naziri xanım Dana Reizniece-Ozola ilə keçirdiyi görüşdə səsləndirib.
Azərbaycanla Latviya arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayan N.Əliyev bu əlaqələrin dostluq münasibətlərinə və qarşılıqlı etimada əsaslandığını deyib. Nazir iqtisadi sahədə əməkdaşlığın əhəmiyyətindən bəhs edib. O, Azərbaycanın neft-qaz ölkəsi kimi keçdiyi tarixi yola diqqət yönəldərək, enerji sektorunun ölkə iqtisadiyyatının inkişafına verdiyi töhfələrdən danışıb. Bildirib ki, Azərbaycan zəngin enerji resursları sayəsində ölkənin daxili tələbatını ödəməklə yanaşı, neft-qaz və elektrik enerjisinin ixracını da uğurla həyata keçirir.
N.Əliyev Azərbaycanın iştirakı ilə reallaşdırılan regional və qlobal əhəmiyyətli neft-qaz layihələri haqqında söhbət açıb. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin önəmli rolunu qeyd edib. Nazir latviyalı qonağı “Cənub” qaz dəhlizi və onun tərkib hissələri, “Şahdəniz” yatağının ehtiyatları və işlənmə mərhələləri, TANAP və TAP qaz boru kəmərləri barədə ətraflı məlumatlandırıb. Energetika naziri deyib: “Cənub” qaz dəhlizi layihəsi ilə bağlı Azərbaycan üzərinə götürdüyü öhdəlikləri uğurla yerinə yetirir və işlərin 50 faizi artıq görülüb”. N.Əliyev bu layihə üzrə Məşvərət Şurasının əhəmiyyətindən danışaraq, belə bir formatın layihə üzrə bütün tranzit ölkələrdə yarana biləcək mümkün problemlərin müzakirəsinə və çıxış yollarının birgə axtarılmasına şərait yaratdığını diqqətə çatdırıb.
Latviya Respublikasının iqtisadiyyat naziri xanım Dana Reizniece-Ozola isə ölkəsinin enerji balansında alternativ və bərpa olunan enerji mənbələrinin əsas yer tutduğunu bildirib. Ölkəsinin enerjiyə olan tələbatının ödənilməsində Azərbaycandan yararlanmaq niyyətlərinin olduğunu deyib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.