Səudiyyə Ərəbistanı 2003-cü ildən sonra yenidən dünyada neft hasilatına görə birinci yerə çıxıb. ANS PRESS-in məlumatına görə, krallıq 9 ay ərzində gündəlik 10,19 milyon barrel neft çıxarıb. İkinci yerdə isə Rusiyadır. Burada gündəlik 10,12 milyon barrel neft çıxarılıb. İndiyədək Səudiyyə Ərəbistanının ən yüksək neft hasilatı göstəricisi 2012-ci ildə sutkalıq 9,8 milyon barrel olub. Həmin dövrdə neftin qiyməti 112 dollar idi. Bundan başqa, Səud krallığı Rusiyanı neft təchizatçısı kimi də sıxışdırıb. Çinin Baş Gömrük İdarəsinin məlumatına görə, oktyabr ayı ərzində ölkənin neft idxal etdiyi ölkələr sırasında birinci yerdə Səudiyyə Ərəbistanı, ikinci yerdə Anqola, üçüncü yerdə isə Rusiyadır.
Ümumilikdə isə 2015-ci ildə dünyada neft hasilatı 1,8 faiz artaraq 74,2 milyon barrel/sutka olub. Bu, ən iri neft istehsalçılarının "qara qızıl" hasilatını artırması sayəsində mümkün olub.İstehsalçı ölkələrin belə bir addım atmasına səbəb bazarda hissə payını saxlamaq və bununla da neft qiymətinin aşağı olduğu bir dövrdə itkiləri kompensasiya etməsi olub.
Xüsusilə Rusiya və Venesuela kimi ölkələrinin iqtisadiyyatı aşağı neft qiymətindən daha çox zərər görüb. Bununla bağlı Ölkənin keçmiş neft sənayesi naziri Rafael Ramires OPEC-in (Neft İxrac Edən Ölkələr Birliyi) oktyabr toplantısında xüsusi təklif də irəli sürmüşdü. Təklifdə neft hasilatını azaltmaqla "qara qızıl"ın qiymətinin artmasına kömək etmək nəzərdə tutulurdu.
Bununla belə, neftin bugünkü qiyməti 50 dollardan aşağıdır. Londonun İCE ("İnterContinental Exchange Futures") birjasında "Brent" markalı neftin bir barrelinin qiyməti 1,25 dollar artaraq 46,36 dollar olub.
Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange") birjasında "Light" markalı neftin bir barrelinin qiyməti isə ötən günlə müqayisədə təxminən 2,2 faiz bahalaşaraq 43,01 dollara çatıb.
Dünya bazarında Azərbaycanın "AzəriLayt" markalı neftinin bir barrelinin qiyməti 0,68 dollar artaraq 46,57 dollar təşkil edib.