Putin bu savaşdan milyardlar itirəcək

Putin bu savaşdan milyardlar itirəcək backend

İstanbul Fond Birjası Türkiyə qırıcıları tərəfindən Rusiyaya məxsus Su-24 bombardman təyyarəsinin vurulmasına 3%-lik geriləmə ilə reaksiya verdi. ANS PRESS-in məlumatına görə, ötən gün türk lirəsi də dollar qarşılığında 0,85% dəyər itirdi. Müxalifət yönümlü Türkiyə mətbuatı ölkənin itkilərinin yalnız bununla məhdudlaşmadığını, ölkənin təbii qazla təchizatının da təhlükə altında düşdüyünü vurğulamağa başladı.

Bu məlumatlara görə, Türkiyənin qaz təchizatının 54,76%-i Rusiyanın payına düşür. 2014-cü ildə alınan 50 milyarda yaxın təbii qazın 26 milyard kubmetri Rusiyadan idxal edilib.Həmçinin, Rusiyanın «Rosatom» şirkəti tərəfindən Mersin vilayətində inşa edilən 20 milyard dollarlıq Akkuyu atom elektrik stansiyası (AES) layihəsi də dayandırıla bilər. Dondurula biləcək layihələrdən biri də ildə 32 milyard kubmetr təbii qazın Rusiyadan Avropaya nəqlini nəzərdə tutan "Türk axını" boru kəməri layihəsi ola bilər.

Rusiyada Türkiyədən ərzaq idxalına və bu ölkəyə turistlərin getməsinə qadağan qoyulması çağırışları da səslənir. Artıq Rusiya istehlak bazarına nəzarət xidməti dekabrın 1-dən Türkiyə şirkətlərinin birinin toyuq əti satmasına qadağa qoyub, ətdə orqanizmə ziyanlı maddə tapıldığı bildirilib. Ümumiyyətlə isə Rusiya bazarında 16 türk şirkətinin toyuq əti satmasına hüquq verilib.

Rusiya Mərkəzi Bankının məlumatları Türkiyəyə turist axınının dayandırılmasının bu ölkəyə ciddi zərər vura biləcəyini ortaya çıxarır. 2014-cü ildə Rusiyadan Türkiyəyə xidmət ixracatı 3 milyard dollar təşkil etdiyi halda, Türkiyədən Rusiyaya xidmət ixracatı 9,7 milyard dollar təşkil edib. Yəni Türkiyədə rus turistlərə 9,7 milyard dollarlıq xidmət göstərilib. Hər il milyonlarla rus turist istirahət üçün Türkiyəni seçir. Misirə səfərlərin qadağan edilməsindən sonra Türkiyəni seçənlər artıb.

İlk baxışda Türkiyənin daha çox itirəcəyini düşünmək olar. Amma Rusiya və Türkiyə arasındakı ticarət dövriyyəsini araşdırdıqda Rusiya tərəfinin daha çox itirəcəyi açıqca görünür. İki ölkə arasındakı ticarət dövriyyəsində müsbət saldo böyük üstünlüklə Rusiyaya məxsusdur. 2015-ci ilin 9 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsi 18 milyard dollar təşkil edib. Bunun 15 milyard dolları Rusiyadan Türkiyəyə ixracat təşkil edib. Türkiyədən Rusiyaya ixracat isə cəmi 3 miylard dollar olub.

Doqquz ay ərzində Rusiyadan Türkiyəyə ixracatın 6 milyard dollarını böyük hissəsi silah-sursat olan məxfi məhsullar, 3,6 milyar dollarını mineral məhsullar və 3,1 milyard dollarını isə metallurgiya məhsuları təşkil edir. Qərbin sanksiyalarından sonra Rusiyanın bu məhsullarının ən etibarlı bazarı Türkiyə idi. Türkiyə isə bu müddət ərzində Rusiyaya 779,3 milyon dollarlıq bitki məhsulları, 514 milyon dollarlıq toxuculuq məhsulları və 495 milyon dollarlıq avadanlıq ixrac edib.

Göründüyü kimi, Rusiyanın bu qarşıdurmadan itirəcəkləri daha çox olacaq. Təsadüfi deyil ki, ötən gün Moskva birjası bu xəbərə İstanbul birjasından kəskin reaksiya verdi və günü 3,1% geriləmə ilə başa vurdu.
Diaspora