Rusiya müxtəlif etnik qrupların bir arada yaşadığı çoxmillətli bir ölkədir. Bu etnik qruplardan biri də azərbaycanlılardır. Rusiya ərazisində çoxsaylı azərbaycanlı icmalarının mövcudluğu, həmçinin onların iqtisadi və sosial həyatdakı rolu böyük əhəmiyyət kəsb edir. Lakin son dövrlərdə azərbaycanlıların Rusiyadakı vəziyyətində müəyyən narahatlıqlar yaranıb. Bu narahatlıqların ən böyüyü azərbaycanlıların sosial və iqtisadi hüquqlarının məhdudlaşdırılması, diskriminasiya və digər çətinliklərlə üzləşmələridir.
Rusiya bazarlarının əsas oyunçuları
Qeyri-rəsmi statistikaya görə, Rusiya ərazisində təxminən 2 milyon Azərbaycan vətəndaşı yaşayır və işləyir. Onlar əsasən Rusiya iqtisadiyyatının qeyri-neft sektorlarında, xüsusən ticarət, inşaat və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərirlər. Rusiya İnşaat və Yaşayış Şəraitinin İslahat Komitəsinin məlumatına görə, inşaat sektorunda çalışanların 15 faizi qeyri-ruslardır və onların böyük əksəriyyətini azərbaycanlılar təşkil edir.
Azərbaycanlılar Rusiya bazarında ticarət sahəsində də çox aktivdirlər və onların təmsil olunduğu sektorun ümumi dövriyyəsi 50 milyard dollara yaxınlaşır. Azərbaycanın kənd təsərrüfatı məhsulları Rusiya bazarında böyük tələbatla qarşılanır və çoxsaylı azərbaycanlı işçilər bu sektorda işləyirlər.
Bu ölkənin elə bazarı yoxdur ki, orda Azərbaycanda istehsal olunan aqrar məhsula rast gəlinməsin. Elə ruslarin da bizim məhsullarımıza rəğbəti böyükdür. Rusların dadına doymadıqları Azərbaycan məhsulları Rusiya bazarlarında ən çox alınan xarici meyvə-tərəvəzlər sırasındadır.
Azərbaycanlı iş adamı İsgəndər Həsənovun sözlərinə görə, ruslar Azərbaycan istehsalı olan meyvə-tərəvəzin dadına bələddirlər. Onlar Azərbaycan məhsulunu ayırd edə bildikləri üçün başqa ölkələrə məxsus malları Azərbaycan malı adından satmaq çətindir. Azərbaycanda yetişən pomidor, xiyar, alma və nar kimi məhsullar bazarlarda digər ölkələrin məhsullarına nisbətən daha yaxşı satılır.
Əgər azərbaycanlılar kütləvi şəkildə Rusiya bazarlarını tərk edərlərsə, bu proses sadəcə bir icmanın miqrasiyası kimi yox, böyük iqtisadi və sosial nəticələri olan struktur dəyişiklik kimi qiymətləndirilməlidir. Bu addım xüsusən ticarət, kənd təsərrüfatı məhsullarının paylanması və inşaat sahələrinə birbaşa təsir göstərə bilər.
Azərbaycanlılar uzun illərdir ki, Rusiya ticarətində əsas oyunçulardan biridir. Xüsusilə böyük şəhər bazarlarında, topdansatış mərkəzlərində, pərakəndə satış obyektlərində azərbaycanlılar həm satıcı, həm də distribütor kimi geniş yer tutublar. Bu fəaliyyət təkcə Moskva və Sankt-Peterburq kimi iri şəhərlərlə məhdudlaşmır, regional bazarlarda da Azərbaycanın kənd təsərrüfatı məhsulları və azərbaycanlı sahibkarlar mühüm rol oynayırlar.
Rusiya üçün rəqəmlər kiçik görünə bilər, amma təsiri ciddi olacaq
Azərbaycanın Rusiya bazarına ildə 2-3 milyard dollar dəyərində meyvə və tərəvəz göndərir. Bu rəqəm ümumi Rusiya idxalı fonunda böyük görünməsə də, məsələyə spesifik məhsullar və onların keyfiyyəti baxımından yanaşdıqda fərqli mənzərə ortaya çıxır. Pomidor, xiyar, alma, nar, feyxoa kimi Azərbaycan mənşəli məhsulları rus istehlakçısı tanıyır və dəyərləndirir. Təkcə pomidor ixracında Azərbaycanın Rusiya bazarında 30 faizdən çox payı olduğu bildirilir.
Rusiyada alternativ bazarlardan (məsələn, Mərakeş, İran və ya Misir) gələn məhsullar keyfiyyət və dad baxımından Azərbaycan məhsulları ilə eyni səviyyədə qəbul edilmir.
Bir çox topdansatış bazarlarında idarə və tədarük işlərinə məhz Azərbaycan əsilli şəxslər nəzarət edir. Bu sahədə onların illərlə formalaşdırdığı təchizat əlaqələri, sürətli logistika imkanları və müştəri bazası mövcuddur. Onların fəaliyyətinin məhdudlaşdırılması bazarın idarə olunmasında xaosa, ticarət dövriyyəsində geriləməyə səbəb olacaq.
Ruslar üçün Azərbaycan məhsulları artıq "tanış brend" statusundadır. Ticarətçilərin də qeyd etdiyi kimi, rus alıcılar Azərbaycan meyvə-tərəvəzinin dadını və keyfiyyətini yaxşı tanıyırlar. Bu tələbatı alternativ ölkələrdən gətirilən məhsullarla ödəmək daha yüksək idxal xərclərinə səbəb olacaq, çünki daşıma məsafələri uzanacaq. Eyni zamanda bazarda qiymətlərin artması qaçılmaz olacaq.
Rusiyanın beynəlxalq sanksiyalarla və iqtisadi təcridlə üzləşdiyi bir zamanda bu cür sarsıntıların əvəzini çıxmaq nə maliyyə, nə də vaxt baxımından asan olmayacaq.
Rusiyada qazan, Azərbaycana göndər: nə qədər davam edəcək?
Onsuz da Rusiyada çalışan həmvətənlərimiz əvvəlki kimi qazanmırlar. Beynəlxalq sanksiyalar, rublla ticarət çətinlikləri, inflyasiya və Rusiya iqtisadiyyatının üzləşdiyi problemlər, bu ölkədə vətəndaşların maliyyə vəziyyətini mənfi yöndə təsir edib. Nəticədə, Rusiyada yaşayan və işləyən bir çox miqrantın ölkələrinə göndərdiyi vəsaitlərdə əhəmiyyətli azalmalar baş verib.
Son bir ildə Rusiyadan qonşu ölkələrə pul köçürmələrinin səviyyəsi xeyli aşağı düşüb. Qonşu ölkələrə münasibətdə ən böyük azalma Azərbaycana göndərilən pul köçürmələrinin həcminində qeydə alınıb. 2024-cü ildə Azərbaycana 410,7 milyon dollar göndərilib. Bu da bir il əvvəllə müqayisədə yarıbayarı azdır.
Moskvada ticarətlə məşğul olan Siyafər Əhmədov deyir ki bu sahədə vəziyyət 2022-ci ildən sonra pisləşib. Beynəlxalq sanksiyalar, rublla ticarət çətinlikləri və inflyasiya Rusiyadakı vətəndaşların maliyyə vəziyyətini pisləşdirib. Onların alıcılıq qabiliyyətinin aşağı düşməsi, Rusiyada yaşayan və işləyən bir çox azərbaycanlının daha az pul qazanmasına və göndərdikləri pulun həcminin azalmasına səbəb olub.
2021-ci ildə 1 dollar 73-75 rubla dəyişdirilirdi. Sonradan məzənnə 90-100 rubla qədər artdı. 2021-ci ildə Rusiyada işləyən bir çox azərbaycanlılar gəlirlərinin bir hissəsini Azərbaycana göndərərək ailələrinə dəstək olurdular. Lakin 2022-ci ildən sonra qazanc azalıb və gəlirlərinin bir hissəsini itiriblər. 2021-ci ildə 1000 dollar qazanan bir şəxs indi yalnız 500-600 dollar qazana bilir, bu da onların göndərdikləri pulun məbləğinin azalmasına gətirib çıxarır.
Azərbaycan iqtisadiyyatına təsirlər
Azərbaycanlıların kütləvi şəkildə Rusiyadan qayıtması Azərbaycan iqtisadiyyatında da müəyyən dəyişikliklərə səbəb ola bilər. Əgər azərbaycanlılar Rusiya bazarından qayıdarsa, bu, ölkədə məşğulluq məsələsində gərginlik yaradacaq.
Amma Azərbaycanlı iş adamları və ticarətçilər Rusiyadakı təcrübələrini və əlaqələrini istifadə edərək Azərbaycanda daha çox sərmayə qoya bilərlər. Bu da Azərbaycanın ticarət sektorunun genişlənməsinə səbəb ola bilər. Məsələn, Azərbaycanın 2,5 milyard dollar dəyərində qeyri-neft ixracı Rusiyadakı azərbaycanlı biznes sahiblərinin fəaliyyətləri nəticəsində artıb. Onların qayıtması ölkədə iqtisadi fəallığın artmasına və sərmayələrin cəlb olunmasına səbəb ola bilər.
Bu vəziyyət indidən yeni bazarlar axtarmaq məsələsini aktuallaşdırır. Türkiyə, BƏƏ və Çin hazırda ən optimal bazarlar hesab olunur. Düzdür, ilkin mərhələdə daşımaçılıq sahəsində problemlər yarana bilər. Lakin uzunmüddətli perspektivdə bu ölkəmiz üçün geniş imkanlar yaradır.
Azərbaycanlıların Rusiyanı tərk etməsi hər iki ölkə üçün ciddi təsirlər yarada bilər. Amma Rusiya daha çox itirəcək, çünki onun iqtisadiyyatı çoxsaylı etnik qruplardan asılıdır və azərbaycanlı işçilərin tərk etməsi işçi qüvvəsi çatışmazlığına, ticarət əlaqələrinin zəifləməsinə və sosial gərginliklərə səbəb olacaq.
modern.az