Azərbaycanın geosiyasi mövqeyi: ADY-nin beynəlxalq dəhlizlərin inkişafında rolu
Neft sektorundan sonra Azərbaycana dünyada geosiyasi, geoiqtisadi və geostrateji üstünlük qazandıran ikinci amil nəqliyyat sektorudur. Bəzən milli təhlükəsizlik baxımından ölkəmizə əlavə qayğılar yaratsa da, bu belədir. Əlverişli geosiyasi və coğrafi mövqeyi Azərbaycanı nəqliyyat-kommunikasiya dəhlizinin əsas mərkəzinə çevirib. Tarixən də belə olub – istər dəniz yolu ilə olsun, İpək yolu ilə, istərsə də 1880-ci il yanvarın 20-dən bəri 145 ildir dayanmadan hərəkət edən dəmir yolları ilə. Azərbaycanda dəmir yollarının yaranması təkcə coğrafi mövqeyimizlə bağlı deyil, Bakının qaynayıb daşan neft xəzinəsi idi. Bakı–Sabunçu– Suraxanı dəmir yolundan ilk vaxtlar yalnız neftin nəqli üçün istifadə olunurdu. Azərbaycan tarixi bir çox ilklərin müəllifidir. Dünyada ilk dəfə neftin vaqon-sisternlərlə daşınması da Bakıda baş verib. Neftlə dolu ilk yük qatarı 1883-cü il mayın 8-də Bakıdan Tiflis istiqamətinə doğru hərəkət etmişdir. Lakin Poti limanının quruluşu böyük həcmdə nefti qəbul etmək üçün yararlı deyildi. Odur ki, Batumi limanı qısa müddətdə iri həcmdə neft daşınması üçün lazımı avadanlıqla təchiz edilir və Tiflisdən Batuma dəmir yolu çəkilir. Bakı–Yelizavetpol–Tiflis magistral dəmir yolunun davamı Tiflis–Qori–Kutaisi–Batum yolu olduğundan dəmir yolu vasitəsilə Xəzər dənizi ilə Qara dəniz sahilləri birləşdirilir. Dünyanın bu ucundan digər ucuna sərnişin və yükdaşımacılığı missiyasını şərəflə həyata keçirən Azərbaycan Dəmir Yolları 145 ildir gecə-gündüz demədən hərəkət edir. Dəmir yolları, qatarlar xalqımızın ədəbiyyatında, poeziyasında, teatr və kino mədəniyyətində, rəssamların tablolarında, ən duyğusal nəğmələrində yer alır, şairlərimizin şeirlərində həsrət və vüsal rəmzi kimi ifadə olunur.
Azərbaycan Respublikası bugünədək dəmir yolu nəqliyyatı sahəsində 50-yə yaxın beynəlxalq konvensiya və sazişlərə qoşulub. İstər sərnişindaşımada olsun, istər yükdaşımada. Dövlətimiz Beynəlxalq Dəmir Yolu daşımalarının tənzimlənməsi baradə bir çox xarici dövlətlərlə sazişlər bağlayıb. Bu sazişlərdə dəmir yolu daşımalarının əlaqələndirilməsi və dəmir yolu nəqliyyatı təşkilatı fəaliyyətinin hüquqi tənzimlənməsi müəyyən edilir.
Müasir dövrün beynəlxalq iqtisadi münasibətlər sisteminin ən mühüm komponenti nəqliyyat və daşımalardır. Çünki nəqliyyat ölkənin müxtəlif sahələri olan sənaye və kənd təsərrüfatı arasında əlaqəni təmin edir və iqtisadiyyatı tam şəkildə birləşdirir. Birmənalı şəkildə dünya tərəfindən qəbul edilib ki, Azərbaycan iqtisadiyyatın artım tempinə görə lider dövlətə çevrilib. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş qlobal iqtisadi layihələrin – «Böyük İpək yolu»nun, «Əsrin müqaviləsi»nin, Bakı-Tbilisi–Ceyhan, əsas ixrac boru kəmərinin, Bakı–Tbilisi–Ərzurum qaz kəmərinin, Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin reallaşdırılması Azərbaycanın beynəlxalq iqtisadi münasibətlərdə tamhüquqlu suveren dövlət kimi iştirakını zərurətə çevirdi.
Orta Asiya, Xəzər-Qara dəniz hövzəsinin və Cənubi Qafqazın dünyaya açılan nəqliyyat-kommunikasiya sistemində ən mühüm həlqələrdən birini Azərbaycan təşkil edir. Ölkəmizin dəmir yolu nəqliyyatı müstəqillik illərində ciddi şəkildə yenidən quruldu, əksər xarici ölkələrlə respublikamızı bağlayan nəqliyyat-tranzit infrastrukturu ya yenidən quruldu, ya da yenisi ilə əvəzləndi. Azərbaycanı Gürcüstan və Qara dənizlə birləşdirən Bakı–Tbilisi avtomobil və dəmir yolu, Bakı–Poti konteyner daşımacılığı, İranla birləşdirən Bakı–Astara avtomobil və dəmir yolu, Bakı–Biləsuvar və Naxçıvan-Culfa avtomobil və dəmir yolu, Türkiyə ilə Gürcüstan vasitəsilə mövcud avtomobil və Bakı–Tbilisi –Qars dəmir yolu, Orta Asiya ilə Azərbaycanı birləşdirən Bakı–Türkmənistan, Bakı–Qazaxıstan bərə daşımacılığı imkan verir ki, Azərbaycan Avropa ilə Asiya arasındakı nəqliyyat-kommunikasiya əlaqələrində strateji mövqeyini qoruyub saxlasın. Artıq Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilən Bakı–Tbilisi –Qars dəmir yolu yerləşdiyi regionda sabitliyə və təhlükəsizliyə xidmət göstərir. Yaxın gələcəkdə Bakı–Tbilisi –Qars xətti ilə sərnişinlərin daşınmasına da start veriləcək.
Avropa Birliyinin xətti ilə 1993-cü ildən reallaşdırılan TRACEKA layihəsinin mərkəzinin Azərbaycan olması regionda oynadığı pol və malik olduğu mərkəzi mövqe ilə bağlıdır. Azərbaycanın Avrasiyanın nəqliyyat-tranzit əlaqələrindəki əlverişli mövqeyi həm də onunla ölçülür ki, həm bütövlükdə TRANSAVRASİYA, həm də tərkib hissəsi olan TRACEKA, TRANSQAFQAZ və sair marşrutlarda iştirak etmək üçün əlverişli məkan xarakteristikasına və nəqliyyat-tranzit infrastrukturuna malikdir. TRACEKA layihəsi ötən illərdə Azərbaycan iqtisadiyyatının inkişafında, ölkənin nəqliyyat infrastrukturunun formalaşmasında ciddi rol oynamışdır. Şərqlə qərb arasında körpü rolunu oynayan Azərbaycanın Avropa–Qafqaz–Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsində aparıcı yer tutması respublikamızı dünya ölkələri ilə geoiqtisadi inteqrasiyasının daha da dərinləşməsinə xidmət etmişdir.
Belə uğurlu layihələrdən biri də yuxarıda qeyd etdiyimiz Bakı–Tbilisi–Qars dəmir yolunun inşasıdır. Bu layihə çox böyük regional əhəmiyyətə malik olmaqla yanaşı, XXI əsrdə Asiya ilə Avropanı birləşdirən ən mühüm transmilli nəqliyyat dəhlizinə çevirdi. Layihənin reallaşdığı vaxtlarda Azərbaycanın təkidilə Ermənistan layihədən kənarlaşdırıldı. Bundan sonra bir çox ermənipərəst ölkələr və beynəlxalq təşkilatlar layihənin reallaşmasına mane olmaq üçün hərəkətə keçdilər. Erməni diasporunun təzyiqi nəticəsində 2006-cı ildə ABŞ Prezidenti Corc Buş erməni lobbisinin təsiri ilə Qars–Axalkalaki–Bakı dəmir yolu layihəsinin maliyyələşdirilməsinə qadağa qoyan sənəd imzaladı. Lakin Azərbaycan rəhbərliyinin prinsipiallığı və qətiyyəti bu dəfə də öz nəticəsini verdi, Prezident İlham Əliyevin diplomatik səyləri nəticəsində 2007-ci ilin fevral ayında Tbilisidə bu dəmir yolunun tikintisinə dair çərçivə sazişi imzalandı və yolun inşasına başlanıldı. Azərbaycan Dəmir Yollarının aktiv iştirakı ilə Bakı–Tbilisi–Qars dəmir yolu xətiinin 2017-ci il oktyabrın 30-da açılışı oldu. Uzunluğu təxminən 850 kilometr olan dəmir yolunun 500 kilometrdən çoxu Azərbaycan ərazisindən keçir. Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol olan Bakı–Tbilisi–Qars xəttinin fəaliyyəti Şərq–Qərb nəqliyyat dəhlizində Azərbaycanın logistik imkanlarının artırılmasına səbəb oldu.
«Bakıdan Xankəndinə gedən 656 nömrəli sərnişin qatar» – Hər dəfə Qarabağa, Xankəndiyə, Xocalıya gedərkən dəmir yolu vağzalından eşitdiyimiz bu elan bir nəsil tələbələrin ailəsinə, sevdiklərinə qovuşmanın simvolu idi, bir də xatirlərimizin nostaljisi. Aradan çox uzun və acı illər keçdi, hələ də o səs qulaqlarımızdadır. Ümid edirəm ki, 656 nömrəli Bakıdan Xankəndinə gedən qatarın bundan sonrakı sərnişinləri övladlarımız, nəvələrimiz, sevdiklərimiz olacaq, bu vətənin övladları olacaq.
1979-cu ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü və şəxsən rəhbərliyi ilə Xankəndi şəhərinə Ağdamdan çəkilən bu dəmir yolu xətti Dağlıq Qarabağın Bakı və digər bölgələrimizlə əlaqələrini möhkəmləndirdi. 2021-ci ildə isə Prezident İlham Əliyev Horadiz–Ağbənd və Bərdə–Ağdam dəmir yolu xətlərinin təməlini qoydu.
Qonşularına qarşı yürütdüyü işğalçılıq siyasətinə və ərazi iddiasına görə Azərbaycan regionda lider ölkə olaraq, Ermənistanı bütün nəqliyyat marşrutlarından kənarda qoymuşdur. Baxmayaraq ki, Ermənistan Türkiyə ilə Gürcüstan arasında əlverişli nəqliyyat-kommunikasiya və digər geoiqtisadi mövqeyə malikdir, Türkiyə də məlum səbəblərdən Ermənistanı beynəlxalq dəmir yolu və digər sərnişin və yükdaşımalarından təcrid etmişdir. Bir ara erməni «strateqləri» heç vaxt mövcud olmayan «Ermənistan–Mehri–İran» ərazisindən guya Yaxın Şərqə və Mərkəzi Asiya ölkələrinə dəmir yolu xəttini layihələndirirdilər. Lakin Azərbaycanın dəmir yumuruğu bu fantaziyanı da yox etdi, çünki bu regionda bir çox sahələrdə olduğu kimi, transmilli nəqliyyat-kommunikasiya siyasətini həyata keçirmək Azərbaycana məxsusdur. O bölgədən – Zəngəzurdan dəmir yolu xətti çəkmək yalnız Azərbaycana məxsusdur və o dəhlizin çəkilməsinə hər bir Azərbaycan vətəndaşı inanır. Bu dəhliz təkcə bizi qədim yurdumuz Naxçıvanla birləşdirməyəcək, Türkiyə üzərindən bütün Türk Dünyasına əlimizi çatan edəcək.
Məşhur amerikalı politoloq Zbiqnev Bzejinski yazırdı ki, qlobal dünyanın gələcək geostrateji, geoiqtisadi və transmilli siyasi maraqları Avrasiyada, xüsusən də Orta Asiya, Xəzər–Qara dəniz hövzəsi və Cənubi Qafqazda həll olunur. O, bölgəmizi «dünya siyasətinin taleyinin həll olunduğu böyük şahmat lövhəsi» kimi təqdim edir, ABŞ-ı, Qərb dünyasını öz əsas güclərini bu bölgəyə yönəltməyə, regionun yeni müstəqil ölkələrinə dəstək verməyə çağırırdı. Bzejinskinin fkrincə, Azərbaycan kimi müstəqil siyasət yürüdən dövlətin transmilli geosiyasi və geoiqtisadi layihələrini dəstəkləməli onun bölgədəki strateji mövqeyinin möhkəmlənməsinə dəstək olunmalıdır.
Göründüyü kimi, Azərbaycan mühüm geosiyasi, geostrateji və geoiqtisadi əhəmiyyət kəsb edən dəmir yolu layihısinin demək olar ki, lokomotividir. Onun dəstəyi ilə modernləşməsi nəzərdə tutulan dəmir yol layihələri artıq realdır, gerçəkdir. Lap əvvəldə bu sahədə yaranan bütün problemlər Azərbaycanın köməyi ilə həll olunurdu. Baxmayaraq ki, Azərbaycan heç bir marşrutdan asılı deyil, əksinə, dünyadan keçən bir çox dəmir yolları Azərbaycan yollarından asılıdır.
Səriyyə MÜSLÜMQIZI
Yazı «Azərbaycan Dəmir Yolları» QSC və Mətbuat Şurasının «Azərbaycan Dəmir Yolları – 145 illik inkişaf yolu» mövzusunda birgə keçirdiyi müsabiqəsinə təqdim olunur.