“Azərbaycanda iyun ayında keçiriləcək I Avropa Oyunları ilə əlaqədar yol-nəqliyyat sahəsində ölkəyə gələcək əcnəbilərin, habelə əhalinin gediş-gəlişini təşkil etmək üçün xüsusi proqram hazırlanıb”.
QAZİLƏR.AZ saytının "APA-Economics"ə istinadən məlumatına görə, bunu nəqliyyat naziri Ziya Məmmədov bildirib.Z. Məmmədovun sözlərinə görə, artıq oyunlarla bağlı dəhlizlər, yollar bəllidir: "Yəni turistlərin, qonaqların, idmançıların necə hərəkət etməsi ilə bağlı Nəqliyyat Nazirliyində proqram hazırlanıb".
Oyunlarla əlaqədar yeni nəqliyyat vasitələrinin gətiriləcəyini qeyd edən nazir bildirib ki, artıq ölkəyə 300 “London taksi”si gətirilib. “Gətirilən 300 taksiyə dövlət qeydiyyat nişanı verilib. Bundan başqa, fevralın sonu, martın əvvəlində ölkəyə daha 200 bu tip taksi gətiriləcək”, - deyə qurum rəhbəri bildirib.
Z. Məmmədov əlavə edib ki, ölkə başçısı İlham Əliyev tərəfindən imzalanan sərəncama əsasən yaradılan “BakuBus” MMC tərəfindən ölkəyə Fransa şirkətinin istehsal etdiyi “İveco” markalı avtobuslar gətiriləcək: “Bu avtobusların adları I Avropa Oyunlarına bağlı olsa da, onlar həmçinin Azərbaycan vətəndaşlarına da xidmət edəcək. Bundan başqa, sürücülərin dil maneəsinin aradan qaldırılması, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində də işlər həyata keçirilir”.