Türk komandirdən Rusiyaya təhdid

Türk komandirdən Rusiyaya təhdid backend

Suriyanın şimalında yerləşən Bayır-Bujaq bölgəsində yaşayan türkmənlər Rusiyanın raket zərbələrinə və Bəşər Əsəd güclərinə müqavimət göstərməkdə israrlı olduqlarını bildirirlər.

QAZİLER.AZ ANS PRESS-ə istinadən bildirir ki, bu barədə türkmən könüllülərinin komandirinin müavini Alparslan Çelik bu gün bütün dünyaya ünvanlanmış mesajında bildirib. Türkmən komandir Bayır-Bucaqda türkmənlərin müqavimət hərəkatının dayandırıldığı barədə yayılmış xəbərlərə inanmamağa çağırıb. O, yaşadıqları bölgənin Aralıq dənizi zonasının Çanaqqalası olduğunu bildirib. “Əsədi müdafiə edənlərə və bütün dünyaya səslənirik, hər kəs həddini bilsin. Qanımızın son damlasına qədər, son nəfəsə qədər döyüşəcəyik",- deyə türkmən komandir vurğulayıb.

Bayır-Bucaq bölgəsi Türkiyənin Hatay vilayətinin qərbindəki Yayladağı bölgəsinin sərhədindən başlayaraq Suriyanın Lazkiye şəhəri arasında yerləşir. Bayır və Bucaq adlı iki bölgədən ibarət bir zonadır. Azərbaycan türklərinə yaxın şivədə danışan Bayır-Bucaq bölgəsi türkmənlərinin tarixən yaşadığı bu zona Suriyada baş verən vətəndaş müharibəsinin iştirakçıları üçün həddindən strateji nöqtəyə çevrilib.

Qərbin müəyyən dairələri tərəfindən dəstəklənən İraq və Suriya kürdləri bu bölgəni ələ keçirərək Aralıq dənizinə çıxmaq istəyirlər. Bu planın NATO tərəfindən dəstəkləndiyi barədə xəbərlər də yayılmaqdadır. Bir neçə il qabaq Pentaqon zabitləri tərəfindən yayılmış, Türkiyə, İraq, Suriya və Cənubi Azərbaycan torpaqlarında qurulması nəzərdə tutulan Böyük Kürdüstan xəritəsi də bu dəhlizlə birləşdirilir.

Mosulun zəngin neft yataqlarını ələ keçirmiş İŞİD qruplaşması da bu bölgəni ələ keçirməkdə maraqlıdır. Çünki əldə etdiyi nefti Aralıq dənizi vasitəsi ilə dünya bazarlarına çıxarmaq istəyir. Hər iki qüvvənin Kobani uğurunda apardığı qanlı müharibə də bu dəhlizə yaxın bölgəni ələ keçirməklə bağlı idi.

İndi bu bölgəyə göz tikən üçüncü qüvvə ortaya çıxıb və bu, Rusiyadır. Rusiya həmin bölgədə Əsəd rejiminə qarşı mübarizə aparan türkmən könüllü dəstələrini məhv etməklə bölgəni yenidən Bəşər Əsədin nəzarətinə qaytarmaq istəyir. Rusiya gəmilərinin Xəzərdən həyata keçirdiyi raket atəşləri də məhz bu məqsədə xidmət edir. Xəzərdə Rusiya gəmilərinə yer vermiş İranın Əsəd rejiminə quru əməliyyatlarında da yardım etdiyi bildirilir.

Göründüyü kimi, Bayır-Bucaq türkmənləri bir neçə beynəlxalq güclə üz-üzə qalıb və hətta Türkiyə belə Azərbaycanın böyük şairi, Hələbdə dərisi soyulmuş İmadəddin Nəsiminin yadigarı olan bu türk toplumunu layiqincə qoruya bilmir. Nəsiminin xatirəsi Bayır-Bucaq türkmənləri tərəfindən hələ də əziz tutulur.

Alparslan Çelikin video müraciəti:

Diaspora