Rusiya kəşfiyyatı Azərbaycandan İŞİD-ə pul köçürmələrini qeydə aldı

Rusiya kəşfiyyatı Azərbaycandan İŞİD-ə pul köçürmələrini qeydə aldı backend

Rusiya xüsusi xidmət orqanları Azərbaycandan İŞİD terror qruplaşmasına pul köçürmələrini qeydə alıb. Virtualaz.org saytı xəbər verir ki, bu haqda “İzvestiya” qəzeti yazır. Qəzetin İŞİD-in maliyyə qaynaqlarının kəsilməsi üçün göstərilən səylərdən bəhs edən məqaləsində deyilir ki, noyabrın 18-də prezident Vladimir Putin bu məqsədlə xüsusi komissiya yaradıb. Türkiyədə keçirilən G20 sammitində isə Putin deyib ki, Rusiyanın əldə etdiyi məlumatlara görə, terrorçulara maliyyə 40 ölkədən daxil olur. Və belə ölkələrin arasında Rusiyanın özünün də yer aldığı dəqiqdir. “Rosfinmonitorinq”dən “İzvestiya” qəzetinə daxil olan məlumatlara əsasən 2013-2014-cü illər ərzində Rusiyanın 80 regionundan 3500-ə yaxın rusiyalı terrorçu qruplaşmalara pul vəsaitləri göndərib. Bu il isə xüsusi xidmət orqanları İŞİD-ə 300 milyon rubl göndərildiyini qeydə alıblar.

Rusiya xüsusi xidmət orqanları müəyyən edib ki, İŞİD-ə yardımın toplanılması əsasən sosial şəbəkələr üzərindən həyata keçirilir. Pullar sürətli pul köçürmələri sistemləri üzərindən ötürülür. Maliyyə araşdırmaları göstərir ki, pul vəsaitlərinin xeyli hissəsi münaqişə zonalarına yaxın ölkələrdə nəğdləşdirilir. Hazırda Rusiya xüsusi xidmət orqanları Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Belçikanın maliyyə kəşfiyyatlarının iştirakı ilə bir sıra maliyyə araşdırmaları aparır.

Eyni zamanda İŞİD-ə bağlı olan şəxslərin aşkara çıxarılıb zərərsizləşdirilməsi üçün MDB ölkələri ilə birgə əməliyyat hazırlanır.

“İŞİD-in fəaliyyət zonaları ilə həmsərhəd olan ölkələrə pul köçürmələri sistemi ilə ötürülmüş maliyyə vəsaitlərinin analizi aparılır. İlkin analizə görə, biz əhəmiyyətli həcmdə əməliyyatların həyata keçirildiyini görürül. MDB ölkələrindən birinci yerdə Qazaxıstandır, ikinci Azərbaycandır, üçüncü yerdə isə Türkmənistan gəlir”- “İzvestiya”ya danışan mənbə qeyd edib.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev bir gün əvvəl terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə tədbirlərinin sərtləşdiriməsinə dair fərman imzalayıb.

Azərbaycan Mərkəzi Bankı da terrorçuluqla məşğul olan şəxslərə maliyyə ötürülməsinə qarşı mübarizəni gücləndirib.
Diaspora