“İstisu” mineral suyu Belarusda satışa çıxarılacaq

“İstisu” mineral suyu Belarusda satışa çıxarılacaq backend

Azərbaycanın “İstisu” mineral suyu yaxın zamanlarda Belarus bazarında satışa çıxarılacaq.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan–Belarus biznes forumunda məlumat verib.

O vurğulayıb ki, “İstisu” mineral suyunun Belarusa ixracı ilə bağlı müqavilə imzalanıb: “Məhsul laboratoriya sınaqları üçün göndərilib və biz tezliklə müntəzəm ixracın başlanacağına ümid edirik".

Y. Abdullayev qeyd edib ki, “İstisu”nun xarici bazara çıxışı xüsusi əhəmiyyət daşıyır: “Bu, bizim üçün sadəcə bir ticarət layihəsi deyil, azad olunmuş ərazilərin dirçəlişinin rəmzidir”.

O həmçinin bildirib ki, AZPROMO Belarus şirkətlərindən taxta evlərin və yanacaq qranullarının tədarükü ilə bağlı təkliflər alıb: “Mənzil fondunun bərpası çərçivəsində xarici şirkətlərlə, o cümlədən Belarus şirkətləri ilə müxtəlif tərəfdaşlıq modelləri hazırlanır. Ağdam rayonuna taxta karkas panelli ev dəstlərinin sınaq tədarükü həyata keçirilib”.

Onun sözlərinə görə, Ağdam rayonunun Qızıl Kəngərli kəndində yaşayış kənd təsərrüfatı qəsəbəsinin layihələndirilməsi üzrə Belarus tərəfi ilə birgə işlər də davam etdirilir: “İlk iki mərhələ başa çatıb, üçüncü mərhələ üzrə işlərə başlanılıb”.

Diaspora