Bu gün səhər saatlarında Bakı Dairəvi-1 avtomobil yolunun 12-ci kilometrliyində qəza baş verib. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən APA TV-yə verilən məlumata görə, Bakı Dairəvi-1 avtomobil yolunun Lokbatan dairəsi istiqamətindən hərəkətdə olan “Shacman” markalı 90 VU 596 dövlət nömrə nişanlı sement daşıyan yük maşını yol ayrıcında olan əyri-xətli dəmir tirlərə və isıq dirəyinə dəyərək dayanıb.
Ağır tonnajlı yük maşınını idarə edən sürücü Rəşad İsmayılovun sözlərinə görə, yük maşınını idarə edərkən sükan arxasında yuxulayıb və bir anlıq sükana nəzarəti itirib. Bu zaman baş verən qəza zamanı təqribən 100 paqon-metr əyri-xətli dəmir tirlər və 1 işıq dirəyi sıradan çıxıb.
Qəza nəticəsində yol təsərrüfatına, ilkin hesablamalara görə, 13 min manata yaxın ziyan dəyib. “Azəryolservis” əməkdaşları tərəfindən dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyəti üzrə göndərilib.